Liderlər İlham Əliyevə təbrik ünvanladı
22.12.2015 18:12 Siyasi reaksiya 1978

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respubliksanın prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Reaksiya.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Ad gününüz münasibətilə Sizə ən səmimi və xoş arzularımı bildirirəm.
Bu yaxınlarda Çinə çox uğurlu dövlət səfəri etdiniz. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər, birgə maraq doğuran beynəlxalq və regional problemlər barədə Sizinlə geniş fikir mübadiləsi apararaq, mühüm ümumi nəticələrə gələ bildik. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq, xalqlarımızın rifahına xidmət göstərəcək.
Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov da Azərbaycan Respubliksanın prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin bilavasitə rəhbərliyiniz ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrində baş verən genişmiqyaslı dəyişikliklər ölkənin dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsini təmin edir.
Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin mənafelərinin nəzərə alınması prinsiplərinə əsaslanan çoxplanlı Özbəkistan-Azərbaycan münasibətləri dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bundan sonra da uğurla inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edim".
Şərhlər