"Azərbaycan bu vəziyyətdən əziyyət çəkir" - İlham Əliyev

23.12.2015 15:13     Siyasi reaksiya     1856

Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ölkəmiz inkişaf edir, lakin neftin qiymətinin düşməsi Azərbaycanı gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib: "Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Hazırda neftin qiyməti 36 dollara düşüb".

Prezident vurğulayıb ki, ABŞ-da dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir: "Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən-birə 3 dəfə düşsün".

İlham Əliyev hesab edir ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil: "Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir".

Şərhlər