"Heç kim vəziyyətdən sui-istifadə etməsin" - İlham Əliyev - VİDEO
24.12.2015 01:15 Siyasi reaksiya 1868
“Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar”.
Reaksiya.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu gün idman yekunlarına həsr olunan mərasimdə söyləyib.
Dövlət başçısı deyib:
“Əlbəttə, iqtisadi amillər, islahatlarla bağlı amillər də mühüm rol oynayacaq. Artıq mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır ki, biz biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilmişdir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaq:
“Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir”.
***
Reaksiya.az-ın məlumatına görə, prezident 2 il bundan əvvəl yaradılan “ASAN Xidmət”in imkanlarından danışıb:
“Azərbaycan vətəndaşları fərqi görürlər. Orada indi bütün işlər şəffaf keçirilir, korrupsiyaya yol verilmir, mədəni xidmət göstərilir. Ona görə də biz bu sahəni inkişaf etdiririk. Yəni ki, bunu etmək mümkündür, sadəcə işlər düzgün təşkil edilməlidir. Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər. Öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdılar və ciddi nəzarət olmalıdır. Dövlət nəzarəti və ictimai nəzarət. Vətəndaşlar xoşagəlməz hallarla üzləşəndə bizə məlumat verməlidilər ki, biz bunun qarşısını ala bilərk. Əgər buna nail olsaq neftin qiyməti bizim üçün əhəmiyyət kəsb etməyəcək. Biz elə bir idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən asılı olmayaq”.
Şərhlər