Ermənilərin dekabr ayında verdiyi itkilər açıqlandı - RƏSMİ
01.01.2016 17:14 Siyasi reaksiya 2002
Ötən ilin dekabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 817 dəfə pozub.
"Reaksiya" xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib.
Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Dekabr ayı ərzində atəşkəsin pozulmasına görə hər zaman olduğu kimi ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətdə atəşkəsin 260 dəfə pozulması qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonu gəlir (150 dəfə).
Qarabağ cəbhəsi üzrə atəşkəs dekabrda Cəbrayıl rayonu istiqamətində 86, Tərtər rayonu istiqamətində 78, Xocavənd rayonu istiqamətində 62 dəfə pozulub.
Ermənistan ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 80, Qazax rayonu istiqamətində 46, Gədəbəy rayonu istiqamətində 18, Tovuz istiqamətində 15, Göygöl rayonu istiqamətində 17, Ağstafa rayonu istiqamətində isə 5 dəfə pozub.
Dekabrda Ermənistan Silahlı Qüvvələrinə məxsus 3 kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə məhv edilib.
Ötən ay təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin bölmələri yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.
Eyni zamanda, ay ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə, habelə qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinə məxsus sığınacaqlara minaatanlardan vurulan sərrast zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Düşmən səngərlərinə 120 mm-lik minaatanlardan endirilən atəşdən sığınacaqlarda 20 metr, açıq sahədə isə 50 metr radiusda şəxsi heyət məhv edilib. Ümumilikdə ermənilər ay ərzində 21 ölü və 20-dən çox yaralı olmaqla böyük ölçüdə itki veriblər.
Ötən ay qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin bir zabiti və üç əsgəri şəhid olub.
Qeyd edək ki, noyabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 773 dəfə pozub.
Şərhlər