“Söyüş odur ki, kiminsə anasını, dədəsini söyərlər” - İcra başçısı

14.01.2016 14:59     Siyasi reaksiya     1916

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünləri təhqir etməsi ilə bağlı iddialara və yayılan videoya münasibət bildirib.

"Reaksiya" xəbər verir ki, icra başçısı Publika.az-a açıqlamasında deyib ki, məcburi köçkünlərlə sözügedən görüş olub: “Ancaq mən heç kəsi söyməmişəm. Söyüş odur ki, kiminsə anasını, dədəsini söyərlər. O videoda söyüş var? Mən orada “rədd ol” ifadəsi işlətmişəm. Rədd ol söyüşdür? Onların hamısı öyrədilmiş adamlardır. Mən onlara fikir vermirəm. Mən öz yerimi, danışığımı və kimlə necə danışmağı da yaxşı bilirəm. Bütün bunları Günel Mövlud təşkil etdirib. Çünki onun atası işdən çıxıb, 2 qardaşı da narkotik maddə istifadə etdiyinə görə həbs olunub. Mən heç onları tanımıram. Ancaq o vaxt Günel Mövludun atası yanıma gəlmişdi, pul istədi, mən də ona pul verdim. Videonu da Günel Mövlud yaydırıb. Heç nədən şər-böhtan yaradırlar”.

İcra başçısı qeyd edib ki, Cəbrayıl camaatı dövlətçiliyi və ölkə Prezidentinin yürütdüyü siyasəti dəstəkləyən və sevən insanlardır: “Cəbrayıl camaatının heç bir narazılığı yoxdur. Başçı kimi də mütəmadi olaraq əhali ilə görüşürəm, onların problemləri ilə yaxından maraqlanıram”.

Xatırladaq ki, sosial şəbəkələrdə Cəbrayıl rayon icra başçısı Mahmud Quliyevlə Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünlərdən biri arasında dava düşməsini əks etdirən video yayılıb.

 

 

Şərhlər