“Heydər Əliyev-İlham Əliyev yolu siyasi əqidəmin başlıca mənasını təşkil edir” - Sabiq mətbuat xidmətinin rəhbəri

16.01.2016 11:05     Siyasi reaksiya     1937

“Nə baş verməsindən asılı olmayaraq, bu yoldan dönməyəcəm”

Sabiq millət vəkili, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu bəyanatla çıxış edib.

"Reaksiya" Moderator.az-a daxil olan bəyanatı qısa ixtisarla oxuculara təqdim edir:

“Bəzi informasiya vasitələrində oğlum Rüfətin işi ilə əlaqədar mənim siyasi mövqeyimin dəyişiləcəyinə işarələr edilir. Həyat insana bir dəfə verilir. Bu ömrü kişi kimi, mərdi-mərdanə yaşamaq mənim amalımdır. Ona zədə vura bilmərəm. Çalışdığım qədər haqlı bildiyim bu yoldan dönən deyiləm. İnsan üçün ən dəhşətli şey sifətini dəyişməsidir. Mən birsifətli, mövqeyini dəyişməyən adamam və bu, mənim siyasi kredomun əsasıdır. Nə baş verməsindən asılı olmayaraq, Heydər Əliyev, İlham Əliyev yolu dünyagörüşümün, siyasi əqidəmin başlıca mənasını təşkil edir.

Oğlum Rüfətin emosianallığı əlbəttə ki, səbəbsiz deyildir. Özünə və mənə qarşı ədalətsizliklər onu təngə gətirmişdir. Lakin bütün hallarda o, dözməli və belə bir addım atmamalıydı. Atasına edilən təhqirlər, sifarişli söyüşlər, özünün işi ilə əlaqədar olaraq ona yaradılımış suni problemlər axırda onun şuurunda ümumi narazılıq əlamətlərini yaratdı. Nəticə də göz qabağıdadır, qəsdən, bilərəkdən məndən qisas almaq üçün övladımı hökumətdən narazılıq girdabına saldılar.

Bütün bunlara baxmayaraq mən siyasi əqidəmin üzərində daha möhkəm dayanacaq, Ulu Öndərə, onun müstəqil Azərbaycanın gələcəyi naminə müəyyən etdiyi siyasi irsi bundan sonra da müdafiə etməkdə israrlı olacağam. Bu bəyanatımla nə qədər incik salınsa da, oğlum Rüfətin tutduğu səhv yoldan dönməsini bir daha onun nəzərinə çatdırıram”.  

Şərhlər