Gülər Əhmədovanın şikayəti üzrə məhkəmə başladı

19.01.2016 14:32     Siyasi reaksiya     2034

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayətinə baxılıb.
 
"Reaksiya" Virtualaz.org-a istinadənxəbər verir ki, prosesə hakim Faiq Qasımov sədrlik edib.
 
Apelyasiya şikayəti üzrə dəlillərin araşdırıldığı prosesdə Gülər Əhmədova özü iştirak etməyib.
 
Məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
 
Qeyd edək ki, sabiq deputat üzərindəki cəzanın ləğvi və məhkumluğun götürülməsini tələb edir.
 
Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsinin 5 may 2014-cü il tarixli qərarı ilə ona verilmiş şərti məhkumetmə cəzasının ləğvi və məhkumluğun götürülməsi iddiası ilə ötən ilin noyabrında Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Gülər Əhmədova ondan apellyasiya şikayəti verib.
 
Xatıqladaq ki, sabiq deputat fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videodan sonra 2013-cü ilin fevralında həbs olunub. 2005-ci ilin parlament seçkiləri ərəfəsində lentə alınmış həmin video görüntülərdə Elşad Abdullayev, Gülər Əhmədova və hər ikisinin ortaq tanışı olan, görüntülərin yayılmasından az sonra – 2012-ci il dekabrın 26-da Türkiyədə dünyasını dəyişən Sevinc Babayeva deputat olmaq üçün 1 milyon dollar lazım olmasından bəhs olunur. Elşad Abdullayev artıq 500 min dollar verdiyini bildirir, Gülər Əhmədova daha 500 verilməsinin lazım olduğunu deyir.
 
Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə üç il azadlıqdan məhrum edilmişdi. Sonradan Apelyasiya Məhkəməsi həmin cəzanı şərti cəza ilə əvəz etd və G.Əhmədovanı məhkəmə zalından azadlığa buraxdı.

Şərhlər