Aslan İsmayılov: “Məhz bu qaragüruh tərəfindən daim böhtana məruz qaldım, təhqir olundum...”
23.01.2016 23:17 Siyasi reaksiya 1503
Məşhur vəkillə baş redaktor arasında qalmaqal
Qənimət Zahid: “Onun bu yaxınlarda planlaşdırılan həbsində mənim və onun qaragüruh saydığı adamların heç bir günahı yoxdur”
Sosial şəbəkədə tanınmış vəkil Aslan İsmayılovla “Azadlıq” qəzetinin baş redaktoru, hazırda mühacirətdə olan Qənimət Zahid arasında polemika yaşanıb.
Musavat.com xəbər verir ki, buna Q.Zahidin daha öncə A.İsmayılovun həbs olunacağı ilə bağlı verdiyi anons xarakterli status səbəb olub. Q.Zahid statusunda bunları yazıb: “Hərçənd, vəkil Aslan İsmayılov o cümlədən, məni də "qaragüruhçu" sayır, amma onun bu yaxınlarda planlaşdırılan həbsində mənim və onun qaragüruh saydığı adamların heç bir günahı yoxdur. Hüquq mühafizə sistemindəki mənbənin mənə verdiyi xəbərdə təkidlə bildirilir ki, onu "Dərya" Balıq evinin sahibi Fəxrəddin adlı şəxslə birlikdə həbs edəcəklər! Mən birmənalı şəkildə Aslan bəyi müdafiə edəcəyəm!”
A.İsmayılovun xəbərdarlıq xarakterli bu statusa cavabı isə özünü gözlətməyib. Vəkil bunu aşağıdakı kimi cavablayıb: ““Azadlıq” qəzeti və “Azərbaycan saatı”-nın baş redaktoru Qənimət Zahid hüquq mühafizə orqanları tərəfindən həbsimin hazırlandığı barədə Facebook səhifəsində yazı paylaşıb və ayrıca mənə xəbərdarlıq da çatdırıb. Qənimət bəylə narazılıqlarımızın olmasına baxmayaraq yazının səmimi olmasına inanıram. Əgər yazının özündə və şərhlərdə mənə toxunacaq məqamlar olmasa, sadəcə təşəkkürümü çatdırar və buna səhifəmdə münasibət bildirməzdim.
Əvvəla, Qənimət bəyə narahatçılığına görə təşəkkür edirəm. Bununla belə bildirirəm ki, yenə bilərəkdən, yaxud bilmədən insanlara “hakimiyyətə işləyir”, “filankəsin adamıdır” deyə böhtan atanları qaraguruh sayıram.
Bu sıraya, həyatda heç nəyə nail olmamasına baxmayaraq, öz sahələrində peşakar olan insanları, daim ittiham edib ictimai həyatdan uzaq salanları da aid edirəm. Bu gün də əminəm ki, mədəniyyət, incəsənət xadimlərinə qarşı bu cür aqressiv münasibət olmasaydı, onlar bu günkü acınacaqlı durumda olmazdılar, heç olmasa bu gün səslərini qaldırardılar. Məhz bu cür ittihamlarla bir çox nüfuzlu insanlar zorən hakimiyyətə sığınmağa məcbur oldular. Məhz bu qaragüruh tərəfindən daim böhtana məruz qaldım, təhqir olundum və hakimiyyətin basqılarından daha çox belələrindən əziyyət çəkdim. Hətta çətin maddi durumda, həbsdə olanlara etdiyim maddi köməkliyə görə “bu pullar onda haradandır?” deyə ittiham olundum. Ölkədə və ölkədən kənarda vəkilliklə məşğul olsam da, məhz bu qaraguruh daim məni bir tikə çörəyə möhtac, yaxud həbsdə görmək istədi. Məhz belələrinə daim göstərmək istədim ki, hamının yoxsul yox, varlı olmasını arzulamaq lazımdır. Bu gün də mənə qarşı ən ağır ittihamlar səsləndirmiş, təhqir etmiş bəzilərinə müəyyən səbəbdən cavab verə bilmirəm və arzu edirəm ki, o gün tezliklə olsun. Qaldı ki, Qənimət bəyin məni müdafiə edəcəyinə, buna inanıram, çünki yaxşı atalar sözü var “Kişi Kişiyə borclu qalmaz”. Bəlkə Qənimət bəyin də borc qaytarmaq şansı oldu. Həbs ediləcəyim təqdirdə isə, səmimi deyirəm, heç kim məndən inciməsin, Uca Allahdan və ailəmdən başqa heç kimdən umacağım yoxdur. Özüm müdafiə etdiyim, köməklik göstərdiyim heç kimdəm, heç vaxt, heç nə ummamışam”.
A.İsmayılov cavabında həbs edilmə ehtimalına da toxunub. Yazıb ki, bu təhlükə Azərbaycana gəldiyi, Sumqayıt prosesinə başladığı ilk günlərdən olub: “Bəs necə olub ki, “Sumqayıt məhkəməsi”, “Monitor” jurnalı və adını çəkmədiyim bir çox proseslərə, daim tənqidi çıxışlarıma baxmayaraq həbs olunmamışam, öldürülməmişəm sualına cavabı isə tək Uca Allah verə bilər. Bir halı da qeyd etməyə bilmərəm. Tanınmaq, yaxud digər məqsədlər üçün həbs olunmaq istəməmişəm, əksinə bütün hallarda, mümkün olana qədər, bundan qorunmağa çalışmışam. Həbsdən isə əsla qorxmuram. Əksinə, zənnimcə, mənim üçün bu gün ən təhlükəsiz və rahat yer həbsxanadır”.
A.İsmayılovun bu cavabına elə onun statusunun altında şərh yazan Q.Zahid sözügedən xəbəri səmimi şəkildə paylaşdığını qeyd edib: “Qətiyyən şübhəniz olmasın ki, mənə çatan xəbəri növbəti ağır xəbər kimi qarşıladım və onu təkcə sizinlə yox, həm də ictimaiyyətlə bölüşməyi özümə borc saydım.
İnformasiyanı diqqətlə oxuduğunuzdan əminəm, adı sizinlə birlikdə hallanan adamın və onun restoranının varlığından xəbərim olmayıb, təbii ki, sizinlə onun hansısa münasibətlərinin ola biləcəyindən də məlumatlı deyiləm. Xəbərin sonrasını araşdırmaq təkcə sizin işiniz deyil, həm medianın və cəmiyyətin işidir, ən azı ona görə ki, sizin həbsinizi ölkədə onsuz da bərbad duruma salınmış, xarabalığa çevrilmiş demokratiya elementlərinə daha bir zərbədir. Mənim təqdim etdiyim informasiyada ironiya yükü var, amma bu ironiyanın ünvanı, qətiyyən, siz deyilsiz, siyasi və ya ictimai missiyası olan, cəmiyyətimizin elitasını təşkil edən insanlarımızın həbsini adi hala çevirənlərə qarşıdır. Mən sizi (arzu edirəm ki, bu xəbər reallaşmasın və xəbəri həm də ona görə ictimailəşdirdim ki, o, reallaşmasın) və ya siyasi motivlə həbs edilən bütün başqa vətəndaşlarımızı borc olaraq və ya borc qaytarmaq naminə müdafiə etmirəm: kimisə, kimlərisə müdafiə edirəmsə bunu vətəndaşlıq borcu sayıram. İctimai missiyanı qəbul etmiş adamların arasında fikir müxtəlifliyi, hətta ziddiyətlər ola bilər, amma onlar cəmiyyətin fikir daşıyıcıları olaraq bir-birinə gərəkli olurlar, eləcə də cəmiyyətə. Sizinlə bağlı yayılan bu xəbərin təfərrüatlarını isə burada qeyd etməyə lüzum görmürəm. Özünüzdən muğayat olun və Allah amanında!”
Aslan İsmayılovun yekun cavabı da maraqlıdır: "Qənimət bəy, təşəkkür edirəm. Əminəm ki, bu torpağı özünə Vətən sayan hər kəs Haqqın yanında olmalıdır.Adını çəkdiyiniz şəxsi isə tanıyıram. Ancaq onunla heç bir iş birliyim olmayıb və bunu uydurmaq da mümkün deyil. Bu gün isə həbsə heç əsas da lazım deyil. Bir şeyi də onlar bilirlər ki, məni udmaq asan deyil. Boğazlarında qala bilərəm"
Şərhlər