Təhsil naziri Mikayıl Cabbarovun adı da "MTN işində" - ŞOK İDDİA
25.01.2016 17:27 Siyasi reaksiya 1879
Azər Paşayev: «Elnur Əliyev və Ceyhun Bayramov MTN-dən aldıqları sifariş əsasında rəhbəri olduğum abturyent hazırlayan kursumu bağlayıblar»
“Ömər Xəyyam” Abituriyent Hazırlığı Kurslarının təsisçisi Azər Paşayevlə Təhsil Nazirliyi arasında mübahisə daha da dərinləşir. JAM.AZ xəbər verir ki, hələ bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında kurs rəhbəri bəyan etmişdi ki, nazirlikdə Eldar Mahmudovun adamları var və onlar təhsil sahəsində yenilik etmək istəyənlərə problem yaratmaqdadırlar.
Bu gün isə sözügedən şəxs üzləşdiyi problemlərlə əlaqədar olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə müraciət edib. Azər Paşayev yazır ki, rəhbəri olduğu “Ömər Xəyyam” Abituriyent Hazırlığı Kurslarının fəaliyyəti şagirdlərin ali məktəblərə hazırlığı ilə məhdudlaşır. «2014 cü il sentyabr ayında Təhsil Nazirliyinin “Birgə Fəaliyyət haqqında” müqaviləsinə əsasən Birnövbəli məktəblərlə həmin məktəblərin binasından istifadə etmək məqsədilə icarə müqaviləsi baglayaraq fəaliyyətə başlamışam. 20 Noyabr 2014-cü il tarixdə özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən iki nəfər şəxs mənə yaxınlaşıb fəaliyyətimi davam etdirə bilmək üçün “Salam verib, hal-əhval tutmamın” vacib olduğunu bildirdilər. Mən isə birmənalı şəkildə bundan imtina etdim və fəaliyyətimin davam etdirilməsi üçün qanundan kənar heç bir təşkilatla hesablaşmayacağımı söylədim. Onlar da öz növbəsində fəaliyyətimin dayandırıla biləcəyini söylədilər».
Kurs rəhbəri bildirir ki, 01.12.2014-cü il tarixdə məktəb direktorları baglanmış müqaviləyə xitam verilməsi barədə Bakı Baş Təhsil İdarəsindən şifahi göstəriş aldıqları barədə ona məlumat veriblər. «Bundan sonra, belə bir göstərişin hansı səbəbdən verildiyini aydınlaşdırmaq istəsəm də, mümkün olmadı. Məsələyə aydınlıq gətirmək məqsədilə BŞBTİ-yə gedərək idarənin Təminat və Təchizat sektorunun müdiri Şahin İsgəndərovla görüşdüm. Yerindəcə dəstəyi qaldırıb kiməsə zəng edən Şahin müəllim dəstəyi asdıqdan sonra göstərişin Mikayıl Cabbarov tərəfindən verildiyini və bunun bütün məktəblərdə fəaliyyət göstərən hazırlıq kurslarına şamil edildiyini söylədi. Bundan sonra verilmiş göstərişin həqiqətən də bütün hazırlıq kurslarına şamil edilib, edilmədiyini araşdıraraq bunun tam əksi ilə rastlaşdım və fəaliyyətin dayandırılması haqqında göstərişin yalnız “Ömər Xəyyam” Kurslarına şamil olunduğunu dəqiqləşdirdim. Eyni zamanda göstərişin Mikayıl Cabbarov tərəfindən deyil, həmin vaxt BŞBTİ-nin rəis əvəzi işləyən Elnur Əliyev tərəfindən verildiyi də üzə çıxdı».
Azər Paşayev müraciətində daha sonra qeyd edir: «Aldığım qeyri rəsmi məlumatlara görə fəaliyyətimin dayandırılmasına dair göstərişi Elnur Əliyev Milli Təhlükəsizlik Nazirliyindən kimlərinsə istəyi ilə verib. Lakin hansı arqumentlərə və faktlara dayanaraq Elnur Əliyevdən bele bir addımın atılmasının istənilməsi bu günə qədər müəmma olaraq qalmaqdadır. Onu da qeyd etməliyəm ki, həmin ildə fəaliyyətimi dayandıraraq 23 nəfər müəllimin işsiz, 200 dən artıq şagirdin təhsilinin yarımçıq qalmasına və mənim də külli miqdarda zərər etməyimə səbəb oldular».
“Ömər Xəyyam” Abituriyent Hazırlığı Kurslarının təsisçisi vurğulayır ki, 2015-ci ildə yenidən məktəblərlə müqavilə bağlayaraq, sentyabr ayından fəaliyyətə başlayıb. «28.12.2015-ci ildə yenidən hadisələr təkrarlanmağa başladı. Mənə bağlanmış müqaviləyə xitam verilməsi barədə yenədə BŞBTİ-dən şifahi göstəriş olduğu bildirildi. Məsələyə yenidən aydınlıq gətirmək üçün BŞBTİ-ə gedərək rəhbər şəxslərlə görüşsəm də, məsələnin onların səlahiyyəti çərçivəsində olmadığını əsas gətirərək heç bir köməklik göstərə bilməyəcəklərini söylədilər. Müqaviləyə xitam verilməsi üçün heç bir arqument gətirə bilmədiklərini, Birgə Fəaliyyət Haqqında müqavilənin nə üçün tərtib olunduğunu və kimlərə şamil olunub, kimlərə şamil olunmadığını izah edə bilmədilər. Son sözləri isə Mərkəzi aparatda belə bir qərara gəlindiyi söyləndi. Onu da qeyd edim ki, müqaviləyə bu dəfə xitam verilməsi nazir müavini Ceyhun Bayramovun göstərişi əsasında olub. Ən maraqlısı isə odur ki, bu adamlar dərs ilinin ortasında bu cür xoşagəlməz qərarlar alırlar. Məktəblərin binasında Rəqs dərslərinin, idman dərslərinin keçirilməsinə icazə verildiyi halda, nədən Abituriyent hazırlığına icazə verilmədiyini izah edə bilməyən BŞBTİ-nin əməkdaşları gülünc arqumentlər gətirərək özləri də əslində dediklərinə inanmırdılar».
Azər Paşayev yazır ki, “Birgə Fəaliyyət Haqqında” müqavilənin Abituriyent hazırlığına şamil edilmədiyini əsaslandıra bilməyən BŞBTİ-nin yetkililəri çıxış yolunu tələm-tələsik məktəblərin e-mail ünvanlarına bu barədə qadağanın olması haqqda elektron məktub ünvanlamaqda görüblər. «Verilmiş qərarın heç bir hüquqi əsası olmadığını, bu qərarın nazirlikdə bir qrup özbaşınalıqlarla məşğul olanların qərarı olduğunu və bunların məsuliyyətsiz davranışları nəticəsində yenidən onlarla iş yerinin bağlandığını, abituriyentlərin təhsilinin yarımçıq qaldığını və mənə təkrar maliyyə zərəri vurduqlarını nəzərə alaraq keçmiş MTN-nin sifarişlərini icra etməkdə olan bu adamların fəaliyyətinin araşdırılmasını və mənim fəaliyyətimə əngəl yaradan, haqqımda mənfi rəy formalaşdıran məlumatın nədən ibarət olduğuna aydınlıq gətirilməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm».
Qarşı tərəfi də dinləməyə hazırıq. /jam
Şərhlər