İntiqam Əliyevin kasasiya şikayəti də təmin edilmədi
26.01.2016 15:09 Siyasi reaksiya 1175
"İntiqam Əliyevin səhhətində müəyyən problemlər var. Onun üçün bura gəlmək əlavə əziyyətdir. Həm də xahiş elədi nəzərinizə çatdırım ki, məhkəmədən gözləntisi olmadığına görə burada iştirak etmək istəmir" - bunu yanvarın 26-da Ali Məhkəmədə İntiqam Əliyevin kasasiya şikayətinə baxılarkən vəkili Cavad Cavadov azadlıqradiosuna deyib.
Prosesə Hakim Gülzar Rzayeva sədrlik edib.
Vəkil Cavad Cavadov bildirdi ki, İntiqam Əliyevin işi üzrə istər ibtidai istintaq, istərsə də birinci və apellyasiya instansiya məhkəmələrindəki proseslər çoxsaylı qanun pozuntuları ilə müşayiət olunub. "Müdafiə tərəfinin onlarla vəsatəti təmin olunmayıb, təqdim etdiyi sübutlar heç bir əsas olmadan rədd edilib".
"İntiqam Əliyevin həbsi və məhkum edilməsi hüquq müdafiəçisi kimi fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi daşıyır. İntiqam Əliyev Azərbaycandan Avropa Məhkəməsinə göndərilən 300-dən çox şikayətin müəllifidir. Bunlardan da 50-yə yaxını üzrə hüquqları pozulmuş vətəndaşların xeyrinə qərar çıxarılıb. Həmin qərarların 10-u İntiqam Əliyev həbsdə olduğu dövrdə çıxarılıb. İntiqam Əliyev prinsipial mövqeyinə görə dəfələrlə təltif olunub" -deyə vəkil vurğulayıb.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. 2015-ci il aprelin 22-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.
Şərhlər