Prezidentdən daha bir mühüm addım - QƏRAR
26.01.2016 17:28 Siyasi reaksiya 1539
Dünən maliyyə nazirinin mətbuata açıqlaması sübut etdi ki, qarşıda yeni qərarların şahidi olacağıq.
Bu barədə millət vəkili Zahid Oruc Axar.az-a açıqlamasında deyib. Deputat bildirib ki, ölkə rəhbərinin son iki müşavirəsindən sonra Azərbaycanın iqtisadi maliyyə sferasında sabitliyin yaranması istiqamətində çox ciddi addımlar atılacaq və qarşıdakı iclas da məhz bundan xəbər verir:
“Bu tədbirlər üç istiqamətdə aparılacaq. Birincisi, bank sektorunda dayanıqlılığın təmin olunması üçün bütün əmanətlərin sığortalanması çox mühüm bir məsələdir. Bu o deməkdir ki, vahid bank təcrübəsi tarixdə qaldı.
İkincisi, prosesi möhkəmləndirmək üçün vəsaitlərdən əldə edilən dividentlərə tətbiq edilmiş gəlir vergisinin ləğv edilməsi idi.
Üçüncüsü, Azərbaycanda olan dollar kütləsinin xaricə çıxmaması üçün valyuta tənzimlənməsi ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərdir. Söhbət 50 000 dollardan yuxarı vəsaitlərin ölkədən çıxmasına qarşı tədbirlər həyata keçirməkdən gedir. Bütün bunlar ölkədə maliyyə sabitliyi üçün önəmlidir”.
Z.Oruc bildirib ki, ölkə rəhbəri hökumət üzərinə iki mühüm əlavə vəzifə qoyub:
“Birincisi, yerli icra hakimiyyəti orqanları ilə bölgələrdə sənaye şəhərciklərinin yaradılması, daxili istehsalın qaldırılması və daxildə inhisarçılığın ləğvi, ikincisi, geniş özəlləşdirmə proqramlarının həyata keçirilməsi. Sonuncu kateqoriya bir tərəfdən külli miqdarda dövlət vəsaitlərinin sözügedən sferaya yönəlməsi, digər tərəfdən isə nəqliyyat, kommunal, enerji sektoru və digər sferalarda özəlləşmənin həyat keçirilməsi deməkdir.
İslahatlar nəinki neft katirovkaları məcburiyyətindən xilas edəcək, eyni zamanda, təhlükəsizlik, diplomatik, xarici siyasət, ölkədaxili maliyyə kursunun düzgün aparılması, manatın öz sabitliyini yenidən bərpa etməsi, ölkədə qiymət siyasəti, ticarətdəki hərəkətsizlik və cəmiyyətdəki qeyri-müəyyənlik amillərini aradan qaldıracaq”.
Qeyd edək ki, KİV-də Prezident İlham Əliyevin rəhbərliyi ilə sabah Bakıda İcra Hakimiyyəti başçılarının iştirakı ilə toplantı keçiriləcəyinə dair məlumat yayılıb.
Şərhlər