“Bu boyda ədalətsizlik görməmişdim”

26.01.2016 18:20     Siyasi reaksiya     1747

AŞPA-da 11 illik fəaliyyətim dövründə ən ədalətsiz bir müzakirənin şahidi oldum. 

 

Bu sözləri Axar.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan əleyhdarlarına daha çox çıxış etmək imkanı yaradılan müzakirələrdə bir daha din faktorunun nə qədər önəmli olduğu hiss edilib:

 

“Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatın müzakirəsi zamanı çıxışa yazılmış 6 nəfər Azərbaycan münayəndə heyəti üzvündən yalnız Rafael Hüseynova söz verildi və o, həqiqətləri Assambleyanın diqqətinə çatdırdı. Müzakirələr elə təşkil edilmişdi ki, ümumiyyətlə çox az adam çıxış edə bildi. Azərbaycan əleyhdarlarına daha çox çıxış etmək imkanı yaradılan müzakirələrdə bir daha din faktorunun nə qədər önəmli olduğunu hiss etmək çətin deyildi. ATƏT-in Minsk Qrupu həmsədrləri isə bütün təzyiq gücünü işə salaraq “monopoliyamda olan məsələnin müzakirəsinə imkan verməyəcəm” açıqlamasını bir sıra millət vəkilinin dilindən açıq şəkildə səsləndirdi. Minsk Qrupu həmsədrlərinin bu mövqeyi onların problemin həllində deyil, onun dondurulmuş vəziyyətdə saxlanmasında maraqlı olduqlarını, ədalətin yanında olmadıqlarını bir daha sübut etdi”. 

 

Q.Paşayeva bildirib ki, nəinki bütün Ermənistan, erməni lobbisi, bir sıra Avropa dövlətləri də sənədin qəbul olunmaması üçün ciddi lobbiçilik ediblər: 

 

“Özəlliklə Fransanı qeyd etmək istərdim. Fransa nümayəndə heyətindən çıxış edənlərin Ermənistan heyətindəkilərdən heç bir fərqi yox idi. Çıxış imkanı olmamasına baxmayaraq, düzəlişlərlə bağlı 30 saniyəlik qısa zamandan istifadə edərək AŞPA-dakı həmkarlarımı Azərbaycan heyəti adından sənədin qəbuluna çağırsam da, psixoloji ab-havanın nə qədər gərgin olduğunu hamımız hiss edirdik. Amma Azərbaycan bütün ədalətsizliklərə rağmən çox iş aparmışdı və sadəcə 4 səslə sənədin qəbul olunmasını əngəllədilər”. 

 

Deputat “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzənin AŞPA-da qəbuluna da münasibət bildirib: 

 

“Birinci sənədi əngəlləsələr də, onun daxilində olan əsas məsələ - Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, saxlaması məsələsi 2-ci sənəddə də öz əksini tapır və bu sənədin qəbulu çox vacib idi. Bu sənəddə Ermənistanın işğalçılığından tutmuş insanlığa qarşı addımlarına qədər, hər şey əks olunub. Ərazilərimizin Ermənistanın işğalından azad edilməsi üçün Azərbaycan dövləti sadəcə Ermənistan, erməni diasporu və lobbisi ilə deyil, onların arxasında dayanan bir sıra başqa güc və dövlətlərlə də mübarizə aparır. Bunu bugünkü müzakirələrdə bir daha açıq görə bildik və bütün dünyada yaşayan türklərin bunları bilməsi çox vacibdir”. 

 

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində bu gün “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” qətnaməsi 98 lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” qətnaməsi isə 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.

 

Şərhlər