''Cavid Hüseynovun məhkəməsi burada keçirilməli idi'' - VİDEO
26.01.2016 18:43 Siyasi reaksiya 1554
Yanvarın 26-da Bakı Ağır Cinayətlər məhkəməsində jurnalist Rasim Əliyevin qətlində təqsirləndirilənlərin işinə baxılıb. Prosesdə futbolçu Cavid Hüseynov da ifadə verib.
Cavid Hüseynov bildirib ki, Elşən İsmayılov onun bibisi oğludur, təqsirləndirilən digər şəxsləri isə tanımır:
"Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Mən də ona dedim ki, fikir vermə. Gördüm, Elşən çox əsəbidir. Elşən bildirdi ki, Rasimlə danışıb, aralarında konflikt olub. Mən də Rasimin telefon nömrəsini alıb onunla danışdım. Rasimə bildirdim ki, etdiyim hərəkət əxlaqsız hərəkət deyil. O da məni başa düşdü, üzr istədi. Mən də ona bildirim ki, məndən üzr istəməyə ehtiyac yoxdur, lakin yazdığın statusda bu məsələyə aydınlıq gətirsən, yaxşı olar. Çünki yazılanları hər kəs oxuyur. Sonra Elşənə dedim ki, məsələ bitib, boş ver. Elşənə bildirdim ki, Rasim status yazıb üzr istəyəcək. Elşən də onun üzr istəməsini gözlədiyini söylədi. Elşən də gözləyib görüb Rasim üzr istəməyib, onu görüşə çağırıb. Elşən mənə dedi ki, Rasim anama söyüb, bu şəxsi məsələdir. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, görüşüblər. Elşən dedi ki, Rasimə bir təpik vurub, o da durub qaçıb. Sonra eşitdim ki, yazırlar Cavidin qohumları Rasimi döyüb, o da xəstəxanaya yerləşdirilib. Mən də adım hallandığı üçün Rasimin yanına getdim. Rasim dedi ki, telefonunu, pul qabını oğurlayıblar. Elşənə zəng edib soruşdum, o, götürmədiyini bildirdi. Bir gün sonra isə Rasimin vəfat etdiyini eşitdim. Onda Elşənə dedim ki, get polisə təslim ol, hər şeyi olduğu kimi danış və vəkil tut. Mən Rasimin öləcəyini gözləmirdim. Ağlıma gəlsəydi ki, belə bir hadisə baş verə bilər, Rasimi başqa xəstəxanaya aparardım".
Prosesdə şahid Ramil İmranov və Nihad Abbasov da ifadə veriblər. Ramil İmranov bildirib ki, hadisə baş verən zaman yaxınlıqda olub:
"Dostumla söhbət edirdik. Birdən kiminsə dalaşdığını gördük. Biz yaxınlaşanda Rasim durub maşına tərəf, təqsirləndirilən şəxslər də əks istiqamətə qaçdılar. Onlardan heç kimi tanımıram. Rasimin maşınının açarları, qəpikləri yerə düşmüşdü. Aparıb özünə verdik, maşına minib getdi".
Nihad Abbasov isə Elşən İsmayılovun dayısı oğlu olduğunu, Elşənin Rasim Əliyevin ölməsini eşidəndə peşman olduğunu bildirib.
Sabah Səbayel rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun məhkəmə prosesi keçiriləcək. Jurnalistin valideynləri hesab edir ki, Cavid Hüseynov Rasim Əliyevin döyülməsində sifarişçidir.
Növbəti məhkəmə prosesi fevralın 2-nə təyin olunub.
Şərhlər