“Bir dəfə də olsun təkidlə rəsmi İrəvandan Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb etməyiblər” - Hərbi ekspert

26.01.2016 21:53     Siyasi reaksiya     2393

Məlum olduğu kimi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari bildirib ki, Azərbaycan və Ermənistan razılıq versə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində rol almağa hazırdır. Bu məsələ ilə bağlı Karabakh.Today-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki,  Qarabağımızım dilbər guşəsi olan Şuşamızın işğalı da məhz İranda Azərbaycan-Ermənistan rəsmilərinin İranın vasitəçiliyi ilə keçirilən görüşlər zamanı işğal edilməsi hələ də yaddaşlardan silinməyib: “Bu gün Ermənistanın formal da olsa ayaqda durmasının səbəbkarı olan iki ölkə varsa, bunlardan biri məhz bizim cənub qonşumuz olan İran İslam Respublikasıdır (İİR). Məhz Qarabaq savaşının ilk illərində işğalçı İrəvana Rusiya ilə açıq və ya gizli formada dəstək olan İran dövləti olub. Mən əsla cənublu qonşularımızım içərisində Azərbaycana rəğbəti olub bizimlə bir cərgədə duran iranlı vicdanlı insanların zəhmətini heçə endirmək istəməzdim. Ədalət naminə qeyd etmək istərdim ki, iranlılar arasında da xeyli dini və dili bizimlə eyni olan soydaşlarımız yaşayır və fəaliyyət göstərirlər. Lakin, biz Qarabağ münaqişəsinin tarixinə dərindən diqqət etsək görərik ki, çox təəssüf ki, İİR-nın Ermənistana bütün sahələrdə dəstəyi olub, var və imzalanmış bir çox sazişlərə görə bu əməkdaşlığı genişləndirmək də planlaşdırılır. Qarabağımızım dilbər guşəsi olan Şuşamızın işğalı da məhz İranda Azərbaycan-Ermənistan rəsmilərinin İranın vasitəçiliyi ilə keçirilən görüşlər zamanı işğal edilməsi hələ də yaddaşlardan silinməyib. Zaman-zaman biz İİR-nın Qarabağla bağlı səsləndirdiyi müxtəlif təkliflərini də eşitmişik. lakin onların bir dəfə də olsun təkidlə rəsmi İrəvandan Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb etdiyini görməmişik. Bəlkə də olub, amma mən şəxsən gündəlik mətbuatı davamlı izləyən şəxslərdən biri kimi belə hala rast gəlməmişəm. Hərçənd çox istəmişəm ki bu olsun.  İndi də Moskvada Rusiya  xarici işlər nazirinin müavinin iranlı həmkarı ilə müzakirələrində bir daha Qarabağ məsələsini müzakirəyə çıxartması məncə formal bir işdir. Heç nə olmayacaq və heç nə dəyişməyəcək. Sadəcə guya onlar da regiondakı vəziyyətə görə narahatdılar. Əslində isə dünya da artıq bilir ki, bu cür diplomatik oyunların vaxtı çoxdan keçib və adətən belə müzakirələrdə çoxlu pərdəarxası məqamlar olur. Ona görə də, mən bu görüşdən şəxsən bizim ziyanımıza ola biləcək bəzi addımların ola biləcəyini düşünürəm. Bu hansı formada olacaq, bunu əvvəlcədən deməyə çətinlik çəksəm də,çox ciddi gümanlarım və narahatçılıqlarım da az deyil”.

Şərhlər