Azərbaycanda müxalifət partiyalarının fəaliyyəti qadağan oluna bilər

26.01.2016 23:41     Siyasi reaksiya     1595

Hakim partiya "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsini zəruri hesab edir, hakimiyyətin opponentləri isə bu dəyişikliyi mürtəce addım kimi dəyərləndirirlər.

 

BAKI, 26 yan-Sputnik. "Məşhur lətifədə deyilir ki, Əzrayıl uşaq paylayır, istəyirsizmi, camaat da deyir ki, Əzrayıl bizim uşaqlara dəyməsin, onun gətirdiyi uşağı istəmirik. Siyavuş Novruzov və onun təmsil olunduğu hakimiyyət qanunu daha da mürtəceləşdirməsin, dəyişikliklərə və nizamlamaya ehtiyac yoxdur".

 

Bu sözləri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsi zərurəti barədə fikirlərini Sputnik-ə şərh edərkən deyib.

Siyavuş Novruzov bu gün APA-ya açıqlamasında deyib ki, Azərbaycanda bəzi partiyalar fəaliyyət göstərmək əvəzinə alqı-satqı obyektinə çevrilib, bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil. Bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik etməyə, məsələlərin hüquqi bazasını konkretləşdirməyə qərar veriblər.

Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında" qanuna və bundan irəli gələrək digər qanunvericiliyə dəyişikliklərin edilməsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. "Dünya təcrübəsində var ki, partiya yaranandan sonra iki ildə heç bir siyasi prosesdə iştirak etmirsə, avtomatik bağlanır. Yeni hüquqi baza yaradarkən bunları nəzərə alacağıq" — deyə YAP yetkilisi əlavə edib.

Bəzi partiyalarda hüquqi və siyasi qalmaqalların olduğunu vurğulayan Novruzov deyib: "Bizdə bəzi partiyalar funksiyalarını yerinə yetirmir, alqı-satqı bazasına çevrilir. 90-cı illərdə Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyanı sonradan kimsə alır, kimsə nəsə edir. Bir sıra partiyalarda artıq məhkəmə çəkişmələri başlayıb. Bir tərəf deyir ki, partiyanın adı, möhürü mənə aiddir, digər tərəf isə ona aid olduğunu iddia edir. Biz bütün bunların hamsını qanunla tənzimləməliyik".

Bu problemlərin hazırda AXCP və Müsavat Partiyalarında olduğunu deyən S. Novruzov bildirib ki, yeni dəyişiklik bu məsələləri həll edəcək, mübahisələrə son qoyacaq. Siyavuş Novruzovun bu fikirləri isə adıçəkilən partiyaların rəhbərliyini hiddətləndirib.

 

Gülağa Aslanlı deyib ki, Azərbaycan hakimiyyəti son dövrlərdə tez-tez özünün qəbul etdiyi qanunları, hətta Konstitusiyanı dəyişərək, ora öz mənafelərinə uyğun gələn maddələri salmağa çalışır. O, "Siyasi partiyalar haqqında" qanunda əvvəllər edilən dəyişikliklərin də məntiqə söykənmədiyini ifadə edib: "Heç özləri də dəqiq izah edə bilmirlər ki, nə üçün siyasi partiyalar maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına verməlidir. Bunu Siyavuş Novruzovdan soruşsanız, izah edə bilməyəcək".

Müsavat Partiyasından ayrılan dəstənin partiyanı özününküləşdirmək istiqamətində hər hansı uğura nail olmadığını vurğulayan G.Aslanlı deyib ki, Siyavuş Novruzov Müsavat Partiyasının adını çəkməklə, hakimiyyətin bu məsələdə rolu olduğunu sübut edib.

Müsavat yetkilisi ölkəni böhranın bürüdüyü bir vaxtda "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər məsələsinin gündəmə gətirilməsini məqsədli atılmış addım kimi dəyərləndirib: "Siyavuş Novruzov səriştəsiz siyasət nəticəsində camaatı saldıqları ağır sosial-iqtisadi vəziyyətdən diqqəti yayındırmaq üçün "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər məsələsini ortaya atıb".

Siyavuş Novruzovun dediklərini Sputnik üçün şərh edən AXCP sədrinin müavini Nurəddin Məmmədli də YAP yetkilisinin açıqlamasının əsassız olduğunu deyib: "Hakimiyyət onsuz da bizi yarımleqal vəziyyətdə fəaliyyət göstərməyə vadar edib. Qərargahımızı alıblar, ikinci şəxsi mülkiyyətimiz olan qərargahımızın qapısını qaynaqlayıblar, icarə götürdüyümüz ikimərtəbəli qərargahımızı partladıblar, biz hər cür maliyyə yardımından məhrum olunmuşuq. Bizim partiya fəallarımız saxta ittihamlarla həbsxanalara doldurulub. Biz onsuz da qeydiyyatdan keçməmiş bir təşkilat kimi fəaliyyət göstəririk. Bunların bundan sonra atacağı addımlar da faktiki olaraq bizi maraqlandırmır".

 

N. Məmmədli hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanunun ölkə Konstitusiyası ilə ziddiyyət təşkil etdiyini deyib: "Konstitusiyada xüsusi maddə var ki, hər bir Azərbaycan vətəndaşının başqaları ilə birləşərək siyasətlə məşğul olmaq hüququna təminat verilir. Bu, Konstitusiya ilə təsbit olunmuş və beynəlxalq konvensiyaların əsas prinsiplərindən biri olduğuna görə, heç bir vətəndaşın siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyula bilməz. Dünyanın heç bir demokratik ölkəsində ümumiyyətlə partiyanın dövlət qeydiyyatı anlayışı yoxdur".

Onun sözlərinə görə, bu gün mövcud olan qanuna görə, partiyanın siyasi fəaliyyətlə məşğul olması üçün mütləq 1000 üzvü olmalıdır: "Bu, absurddur. Çünki əgər partiyanın 999 üzvü olsa, onun fəaliyyətini qadağan edirlər. Heç bir demokratik ölkədə 999 adamın taleyi, hüququ bir adamınkına bağlana bilməz".

AXCP yetkilisi onu da deyib ki, qanunda hansı dəyişikliklərin olmasına baxmayaraq, partiya öz yolu ilə gedəcək: "Biz öz fəaliyyətimizi istənilən şəraitdə davam etdirəcəyik. Siyavuş Novruzov kimi adamların nə deməyinə baxıb siyasi işlə məşğul olsaydıq, onda çoxdan fəaliyyətimizi dayandırıb, qapılarımızı bağlamışdıq".

 

Şərhlər