Mətbuat icmalı: - "Azərbaycan neftdən asılılığın bədəlini ödəyir"
27.01.2016 20:01 Siyasi reaksiya 3705
"Azadlıq": "Azərbaycan neftdən asılılığın bədəlini ödəyir"
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard D.Kauzlarich "World Politics Review" portalına verdiyi müsahibədə yanvarın ortasında ölkədə qiymət artımına qarşı keçirilən, 55 nəfərin saxlanmasıyla nəticələnən etiraz aksiyalarından, qlobal enerji qiymətlərinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirindən danışıb. O, vurğulayıb ki, indiki durum iqtisadiyyatın 20 ildən çox enerji gəlirlərindən asılılığının göstəricisidir."
"Azərbaycanın son 20 ildə enerji sektorundan nə qədər gəlir əldə etdiyi və bunun necə xərcləndiyi açıqlanmır. Bu müddət ərzində, ola bilsin, 100 milyard dollar qazanılıb. Bu vəsaitin böyük hissəsi müdafiə xərclərinə gedib; daha sonra meqa-tikinti layihələrinə, yol infrastrukturuna sərf olunub. Qalanı isə korrupsiyaya uğramış biznes vasitəsilə hakim elitanın əlinə keçib. Bu qanunsuz pul axını on milyardlarla dollarla ölçülür. Bu gəlirin kiçicik bir hissəsi isə Bakıda saxta bir çiçəklənmə görüntüsü yaradıb. Bakı aeroportundan şəhərə aparan yolun arxasında, bölgələrdə bu gəlhagəlin çox cüzi izləri hiss olunur", – səfir qeyd edir.
Cənab Kauzlarich hökumət mənbələrinə rəğmən, iqtisadiyyatda ciddi şaxələndirmənin həyata keçirilmədiyini vurğulayır: "Bank sektorundakı ciddi böhran qeyri-neft sektorunun necə kövrək olduğunu, enerji pullarından asılılığı üzə çıxardı. Qısası, Azərbaycan bir on il boyu enerji gəlirlərini havaya sovurdu. İqtisadiyyatı şaxələndirmək əvəzinə, pulları müdafiəyə, prestijli layihələrə və kütləvi korrupsiyaya səpələdi".
"Azadlıq": "Hökumət Xədicə İsmayıla görə yenə sorğu-suala tutuldu"
"Avropa Məhkəməsi araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla görə Azərbaycan hökumətinə yenə sorğu göndərib. Bu dəfə hökumət Xədicə İsmayıla qarşı qarayaxma kampaniyası başlayan vaxtlarda “Səs” qəzetində dərc olunmuş təhqiramiz yazıya görə cavab verməlidir. 2012-ci il noyabrın 6-da “Səs”də “Tarixi deputatxana” sərlövhəli məqalə ilə əlaqədar Xədicə İsmayılın Avropa Məhkəməsinə göndərdiyi şikayət üzrə kommunikasiya mərhələsi başlayıb. Bu iş üzrə jurnalistin hüquqlarını həm yerli məhkəmələrdə, həm də Avropa Məhkəməsində Media Hüququ İnstitutu müdafiə edib. Bu barədə “Azadlıq”a Xədicə İsmayılın vəkili Fariz Hamazlı məlumat verib," qəzet yazır.
Bildirlir ki, Xədicə İsmayıl adı çəkilən məqalədə şərəf və ləyaqətinin alçaldılmasına görə məhkəməyə müraciət edərək, “Səs” qəzetinin üzr istəməsi və mənəvi zərərə görə 50 min manat kompensasiya ödənilməsini tələb edib.
"Azərbaycan": "Ədalətli mövqeyimizin müdafiəsi istiqamətində səylər davam etdiriləcək"
"Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 26-da keçirilmiş plenar iclasında ölkəmizlə bağlı iki məruzənin müzakirə edilməsi məsələsinə münasibət bildirib.
H.Hacıyev xatırladıb ki, məruzəçi Milisa Markoviçin hazırladığı “Azərbaycanın sərhədboyu ərazilərinin sakinləri qəsdən sudan məhrum edilib” adlı məruzə və müvafiq qətnamə layihəsi qəbul edilib.
...Assambleya hesab edir ki, qəsdən süni ətraf mühit böhranının yaradılması “ekoloji təcavüz” və bir dövlətin digər dövlətə qarşı ekoloji fəlakət zonalarının yaradılması, habelə orada yaşayan əhali üçün normal yaşam şərtlərinin qeyri-mümkün edilməsi məqsədi güdən düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.
...Həmçinin qətnamədə Assambleya tərəfindən bu hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktı kəskin şəkildə pislənilir. Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyi qeyd olunur".
Qəzset yazır ki, məruzəçi Robert Volterin hazırladığı və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilməyib. "Səsvermədə iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb".
Şərhlər