Türmədə Leyla Yunusu incidən qadına 9 il həbs verildi
27.01.2016 23:00 Siyasi reaksiya 2512
Bu qadın həm də Əlayif Həsənovun Vəkillər Kollegiyasından çıxarılmasına səbəb olmuşdu…
Hüquq müdafiəçisi Leyla Yunus Kürdəxanı təcridxanasında saxlanılarkən onunla eyni kamerada olan dustaq Nuriyyə Hüseynova tərəfindən mütəmadi olaraq təhqir olunduğunu, hətta döyüldüyünü bildirirdi. Leyla Yunus bütün bunların təcridxana rəhbərliyinin təlimatı əsasında baş verdiyini deyirdi.
Həmin Nuriyyə Hüseynovaya yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsindəhökm oxunub. O, külli miqdarda miqdarda ziyan vurmaqla dələduzluğa görə 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sonradan həmin qadın Leyla Yunusa istinadən bu barədə mətbuata məlumat verən vəkili Əlayif Həsənova təzyiqlərdə əsas rol oynayanlardan birinə çevrildi. Onun adından Əlayif Həsənov və Leyla Yunusa qarşı davranışları ilə bağlı məlumatı yayımlamış “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət olundu. Sonradan Nuriyyə Hüseynova Qənimət Zahidə qarşı iddiasını geri götürdü. Amma Əlayif Həsənov onun iddiası əsasında cəzalandırılaraq, 240 saat ictimai işlər cəzasına məhkum edildi. Elə bu hökm əsasında da Vəkillər Kollegiyasından uzaqlaşdırıldı. Kollegiya rəhbərliyi onun məhkumluğunu əsas gətirib, onun bu qurumdan xaric edilməsi barədə qərar qəbul etdi.
Əlayif Həsənov Vəkillər Kollegiyasının qərarından məhkəməyə şikayət etsə də,nəticəsi olmadı. Bir müddət əvvəl Ali Məhkəmə də bu iş üzrə qərar verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Əlayif Həsənov “Azadlıq“aaçıqlamasında bildirib ki, bu iş yaxın günlərdə Avropa Məhkəməsinə göndəriləcək.Əlayif Həsənov əmindir ki, tənqidi fikirlərinə, prinsipial fikirlərinə görə onu cəzalandırmaq məqsədilə Nuriyyə Hüseynovadan istifadə olunub.
Şərhlər