Mədəniyyət və turizm naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib - FOTOLAR
28.01.2016 16:36 Siyasi reaksiya 2311
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
Reaksiya xəbər verir ki, əvvəlcə nazir mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımından çox vacibdir. Bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı faydalı təkliflərin olduğunu deyib. Regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.
Şərhlər