Daxili Qoşunların komandanı Türkiyənin hərbi attaşesini qəbul edib

28.01.2016 18:29     Siyasi reaksiya     2245

Bu gün daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Silahlı Qüvvələr attaşesi və Hərbi İş Birliyi üzrə Koordinasiya Qərargahının rəisi, general-mayor İhsan Başbozkurtu qəbul edib.
Reaksiya xəbər verir ki, Daxili Qoşunların mətbuat xidmətindənAPA -ya verilən məlumata görə, Ş.Məmmədov Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələrdən söz açaraq, bu münasibətlərin hərbi sahədə də yüksək səviyyədə davam etdirildiyini bildirib. 

Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə ilə Azərbaycan arasında imzalanmış Protokoldan danışan Ş.Məmmədov DİN-in Daxili Qoşunları ilə Jandarm Baş Komandanlığı arasındakı sıx münasibətlərin günü-gündən dərinləşdiyini vurğulayıb. O, qardaş Türkiyə Respublikasının Jandarm Baş Komandanlığının zabitlərinin Daxili Qoşunlarda təlim-tədris sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. 

Öz növbəsində, İ.Başbozkurt iki qurum arasında mövcud olan işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Görüşün sonunda türkiyəli qonağa DİN-in Daxili Qoşunlarının emblemini əks etdirən hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib. 

Şərhlər