Nazir Kəmaləddin Heydərov Naftalan ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29.01.2016 20:57 Siyasi reaksiya 2405
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, görüşdə Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, sahibkarlar və şəhər aktivləri iştirak ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək, son illər şəhərdə müxtəlif sahələrdə, o cümlədən turizm sektorunda gedən inkişafdan, aparılan quruculuq işlərindən danışıb.
Daha sonra çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələr həyata keçirilib. Nazir bu layihələr sırasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblərin tikintisini, infrastruktur layihələrin həyata keçirilməsini qeyd edib, bu layihələrin vətəndaşların rifahına xidmət etdiyini vurğulayıb.
Nazir son vaxtlar dünya bazarında xam neftin qiymətinin düşməsinin digər neft ölkələri kimi Azərbaycanın iqtisadiyyatına da təsirsiz ötüşmədiyini qeyd edərək, prezident İlham Əliyevin son vaxtlar imzaladığı fərman və sərəncamlara diqqət çəkib: “Atılan addımlar bir daha göstərir ki, Azərbaycan yaranan böhrandan rahat çıxa bilmək üçün düzgün yoldadır”.
Son illər ölkədə həyata keçirilən sosial-iqtisadi layihələrdən, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, sahibkarlığa göstərilən dövlət qayğısından danışan nazir K. Heydərov bildirib ki, bölgələrdə keçirilən görüşlərin məqsədi də məhz prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə vəziyyətlə, əhalinin yaşayış səviyyəsi ilə daha yaxından tanış olmaq, problemləri, yerli iş adamlarının üzləşdikləri çətinlikləri öyrənib, onların həlli istiqamətində addımlar atmaqdır.
“Naftalan şəhərinin böyük turizm potensialı var. Şəhərdə turizmin inkişafı istiqamətində mühüm işlər görülüb, bu işlər davam etdirilməlidir. Naftalan neftinin şöhrəti bütün dünyaya məlumdur. Yeni turizm şirkətlərinin, agentliklərinin yaradılması, xarici ölkələrdəki səfirliklərimiz vasitəsilə bu potensialın daha da reklam olunması lazımdır”, - deyə K. Heydərov bildirib.
Görüşdə çıxış edənlər Naftalan şəhərində turizmin inkişafı, bölgəyə daha çox turistin cəlb olunması, rayon əhalisinin və qonaqların ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması üçün yeni təsərrüfatların yaradılması, Naftalanda yeni müəssisələrin açılması və digər məsələlərlə bağlı təkliflər irəli sürüblər.
Şərhlər