Müsavatçılar Novxanıda mitinq keçirdi - FOTOLAR

31.01.2016 16:43     Siyasi reaksiya     1418

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü ilə əlaqədar Müsavat Partiyasıı Novxanıda mitinq keçirib.

Mitinq Müsavatın himni ilə açıq elan edilib. Mitinqin aparıcısı Nüşabə Sadıxlı ilk sözü Nəsiman Yaqubluya verib.

Tarixçi alim Nəsiman Yaqublu qeyd edib ki, Rəsulzadə o şərəfli həyatı yaşamış birisidir ki, özündən sonra qoyduğu irs məslək yoludur və biz bu yolu dönmədən getməkdəyik: “Rəsulzadə yalnız azərbaycan xalqının azalığı uğrunda mübarizə aparan şəxsiyyət olmayıb. Rəsulzadə sovet əsarətində əzilən xalqların lideri kimi təqdim olunur. Qafqaz xalqlarının və sovet xalqlarının, azadlığı uğrunda mübarizə aparan bu xalqların lideridir”.
 
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, M.Ə.Rəsulzadənin Azərbaycan tarixində, mədəniyyətində, taleyində həlledici rolu, xidmətləri var: “Azərbaycan tarixində ona bərabər səviyyədə ikinci şəxs tapmaq mümkün deyil. O, tariximizə çox böyük təsir göstərib. O, hər zaman Azərbaycanın istiqlalına, müstəqilliyinə inanıb. Ona görə də bu yol davam edir. Bu yolun qarşısını həmişə kəsməyə çalışıblar. Amma bu yolu davam etdirən böyük insanlar olub. Biz də bu yolu davam etdirəcəyik. Bu yolun qarşısını kəsmək mümkün deyil. İnanıram ki, Azərbaycan xalqı bu yolla getməkdə davam edəcək. Bu şəxsiyyətin ideyalarını Azərbaycanda bərqərar edəcəyik. Bu müqəddəs yolda sizlərə uğurlar arzulayıram”.
 
Milli Demokrat (Bozqurd) Partiyasının rəhbəri İsgəndər Həmidov isə qeyd edib ki, qələbəyə doğru gedirik:“İstəsələr də, istəməsələr də, biz qələbə çalacağıq. Biz məqsədimizə doğru gedirik”.
 
M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə isə deyib ki, Rəsulzadə və onun silahdaşlarının vaxtında qurduğu, bu gün mövcud olan Azərbaycanımız iqtisadi və siyasi böhrana düşüb: “Ölkəmizin uğurla öz davasını aparması birlik, stabillik tələb edir. Azərbaycan bu burulğandan çıxmaq üçün öz qüvvəsinə köklənməlidir. Onun Türkiyədən başqa dostu yoxdur. Biz partiyasından, siyasi mövqeyindən asılı olmayaraq hamımız bir məqsədə yönəlməliyik. Azərbaycanın müstəqilliyini göz bəbəyi kimi qorumalıyıq”.
 
Müsavat başqanı Arif Hacılı qeyd edib ki, Məmməd Əmin Rəsulzadənin ideyaları yerinə yetəcək, gerçək olacaq: “Üçüncü cümhuriyyətimizi quracağımız gün heç də uzaqda deyil”. musavat.com 
 
Arif Hacılı müsavatçılığın cəmiyyətdə bərqərar olacağına şübhə etmədiyini və rejimin bütün əngəllərinin onun özünə qarşı yönələcəyini bildirib. Müsavat başqanı həmçinin Novxanıda anıt tədbirlərinə gələnlərin sayının ildən ilə artdığını və bu gün keçirilən tədbirin əvvəlki illərdə yanvarın 31-də keçirilən tədbirlərdən daha izdihamlı olduğunu vurğulayıb.
 
Mitinqdə prefessor Almaz Əliqızı, şair Teyyub Qurban, tarixşi alımlər Yasəmən Qaraqoyunlu və Nəcibə Bağırzadə çıxış ediblər.
 
Mitinq Azərbaycan himninin oxunması ilə başa çatıb. Aksiyadan sonra müsavatçılar Novxanı qəbirstanlığında M.Ə.Rəsulzadənin əzizlərinin qəbirlərini ziyarət ediblər.

Bu gun KXCP, ADP, AXCP və Milli Şura da Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə anıt tədbirləıri keçiriblər.

bastainfo.com

Şərhlər