Siyavuş Novruzov: “Həmin partiyalar ləğv edilməlidir”

01.02.2016 13:47     Siyasi reaksiya     1957

“Siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməlidir. Biz bununla bağlı təkliflərimizi hazırlayıb təqdim edəcəyik”. Musavat.com-un müxbiri yazır ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib. O, əlavə edib ki, bu təşəbbüsü zəruri edən konkret səbəblər var: “Əvvəla, büdcədən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə MSK-ya hesabat verməlidir. Amma görürsən bir səhifə ağ kağız göndərir ki, onun heç bir gəliri yoxdur. Di gəl, bahalı maşınlarda gəzirlər, partiyada onlarla işçi çalışır. Sual olunur, əgər gəlir və çıxar yoxdursa, bu vəsaitlər hardan gəlir? Partiyalar var ki, 20 ildən artıqdır qeydiyyatdan keçib. Hər bir partiya hüquq və vəzifələrini yerinə yetirmirsə, onda xarici ölkələrdə olduğu kimi, həmin partiyalar ləğv edilməlidir. Artıq partiya alqı-satqı vasitəsinə çevrilib, hərə bir partiya alıb, qoyub evinə, vaxtı gələndə ondan istifadə edir”. 
S.Novruzov Reproduktiv sağlamlıq haqqında qanun layihəsindən bəhs edərkən deyib ki, orda bəzi müddəalar qəbulolunan deyil: “Biz Allahın işinə qarışa bilmərik. Təəssüflər olsun ki, bəziləri bu müddəalarla Allahın işinə müdaxilə edir. Burda olan bəzi məqamlar qanunda öz əksini tapa bilməz, bu, Azərbaycan xalqının mentalitetinə də uyğun deyil”. 
 

Şərhlər