Qarabağa dair Minsk konfransının çağırılması məsələsi ciddiləşir
04.02.2016 10:01 Siyasi reaksiya 2106
Azərbaycan tərəfi Avropada söz sahibi olan Almaniyanın ATƏT sədri kimi nüfuzundan istifadə etmək əzmindədir; Azay Quliyev: “ATƏT PA-nın toplantısında həmsədrləri çox ciddi və sərt şəkildə tənqid edəcəyik...”
Ötən saylarımızın birində Dağlıq Qarabağa dair Minsk konfransının çağırılmasının zamanı çatdığını qeyd eləmişdik. Bunu da ilk növbədə onunla əsaslandırmışdıq ki, ATƏT-in Minsk Qrupu 22 illik zaman kəsiyində öz vasitəçilik missiyasının öhdəsindən faktiki gələ bilməyib, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrinin yerinə yetirilməsinə nail olmayıb və üstəlik, bu müddətə işğalçı Ermənistanın mövqeyinə yuvarlanıb - hansı mövqe ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) son qış sessiyası ərəfəsində özünü qabarıq şəkildə büruzə verib.
Artıq sessiya arxada qalıb. Qarşıdan isə ATƏT Parlament Assambleyasının (PA) Vyana toplantısı gəlir. Xəbər verildiyi kimi, toplantıya Azərbaycan və Ermənistan nümayəndə heyəti də qatılacaq. Təbii ki, Dağlıq Qarabağ və işğal olunmuş ərazilər mövzusu bu tədbirdə də diqqət mərkəzinə gətiriləcək. Eyni zamanda şübhə etmirik ki, Azərbaycan nümayəndə heyəti tədbir iştirakçılarının nəzər-diqqətini həmçinin Minsk Qrupunun dişsiz fəaliyyətinə yönəltməyə çalışacaqlar. Hər halda, AŞ PA sessiyasından sonra bu, azərbaycanlı deputatlar üçün yaxşı bir fürsət olacaq.
Bu xüsusda birinci sual da budur ki, görəsən, AŞ PA-dakı nümayəndə heyətimizin qurumun yanvar sessiyasında üzləşdiyi təxribatla ATƏT PA-dakı nümayəndə heyətimizin də üzləşmə ehtimalı varmı?
ATƏT PA-dakı nümayəndə heyətimizin üzvü Azay Quliyev bu suala cavab olaraq bildirib ki, ermənilərdən hər zaman hər cür təxribat gözləmək lazımdır (Moderator.az): “Amma biz hər zaman ermənilərin ATƏT-də təxribat xarakterli fəaliyyətinin şahidi olmuşuq və hər dəfə də onların təxribatlarının qarşısı alınıb. Bilirsiniz ki, keçən il ATƏT PA-da çox önəmli bir qətnamə qəbul olundu. Ermənistan çox ciddi-cəhdlə həmin qətnamənin qəbulunun qarşısını almağa çalışdı. Hələ ki bu il üçün bizim müzakirəyə çıxarılacaq hansısa sənədimiz yoxdur, hesab edirik ki, 3 il dalbadal qətnamə qəbul elədik və orada Azərbaycanın maraqlarını tam şəkildə müdafiə etdik. Müəyyən fasilədən sonra ola bilsin biz növbəti illərdə təkrar hər hansı bir təşəbbüslə çıxış edək”.
“Belə çıxır, bu dəfə ermənilər tərəfindən hər hansı təhlükə gözlənilmir” sualına cavabda deputat deyib ki, əsas hədəfləri bu il ATƏT-ə sədrlik edən Almaniyadan Qarabağ münaqişənin həllində qəti mövqe sərgiləməsinə, həmsədrlərin fəaliyyətsizliyinə qiymət verilməsinə nail olmaqdır: “Ermənilərdən hər zaman təxribat xarakterli addımlara hazır olmalıyıq və onlardan hər cür provokativ cəhdlər gözləmək olar. Amma dediyim kimi, bu il ATƏT PA-da hər hansı bu tip təşəbbüslər gözlənilmir və olsa da onun qarşısını alacağıq. İkinci tərəfdən, biz ATƏT PA-da Minsk Qrupu həmsədrlərini çox ciddi şəkildə tənqid etməyi düşünürük və cənab prezidentin açıq şəkildə dediyi kimi, Minsk konfransının çağırılması məsələsini qaldıracağıq. Hazırda ATƏT-in sədri olan Almaniyanın xarici işlər naziri Valter Ştanmayerin sessiyada iştirakı gözlənilir və biz mütləq çıxışlarımızda bu məsələni onun diqqətinə çatdıracağıq. Hesab edirəm artıq vaxtıdır ki, Avropada söz sahibi olan Almaniya nəhayət ki, Minsk Qrupunun həm özünə, həm də həmsədrlərin fəaliyyətinə açıq və qəti fikrini bildirsin. Əgər Minsk Qrupu həqiqətən də ancaq status-kvonu saxlamaqla və ermənilərin maraqlarını açıq şəkildə müdafiə etməklə, lobbiçiliklə məşğuldursa, o zaman bu qurum heç bir halda bu münaqişənin həllində vasitəçi ola bilməz. Bu məsələdə bizim fikrimiz sərt olacaq və Almaniyadan qəti mövqe bildirilməsi istəniləcək”.
Şərhlər