Siyavuş Novruzov: "Əli Kərimli heç Kür çayından o tərəfə keçməyi"

04.02.2016 22:24     Siyasi reaksiya     1049

Ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) Əli Kərimlinin komsomola katib seçilmək üçün dostlarını necə satdığı həmin dövrdə oxuyan tələbələrin gözü qarşısında olub. Hamı bilir ki, Əli Kərimli o zaman nə oyunlardan çıxıb və o dövrdəki rektorun, yumşaq dildə desək, “xəbərçi”si olub”.
 
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
 
S.Novruzov bildirib ki, Ə.Kərimlinin guya 90 nəfəri yığıb orduya getməsi barədə dediyi tamamilə yalandır: “Tamamilə yalan deyir. Əli Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırırdı. Çünki Əli Kərimli sovet vaxtında hərbi xidməti həbsxana üzərində duran daxili qoşunların tərkibində keçib. Yəni bu adam, ümumiyyətlə, hərbi hissədə olmayıb, ümumiyyətlə, Dağlıq Qarabağın ərazisində və yaxud ona bitişik olan rayonlarda və kəndlərdə heç vaxt olmayıb, həmişə qaçıb gizlənib və vətən naminə əlinə silah almayıb”.
 
Millət vəkili qeyd edib ki, 2000-ci ildə parlament seçkilərində Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər: “Bunu AXCP-də, Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, “Müsavat”la olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP “yurdçular”a və “klassiklər”ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.
 
S.Novruzov deyib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: “Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Əli Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub.
 
Əli Kərimlinin əsl mahiyyətini üzə çıxaran daha bir haşiyə çıxmaq istəyirəm. AXC 1992-ci ildə hakimiyyətə gələndə keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdirdiyi binanı qanunsuz zəbt edərək öz fəallarına paylamışdı. Belə məsələlərdə hər zaman çevik olan Əli Kərimli də oradan mənzil ələ keçirmişdi. 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra həmin mənzillər qanuni sahiblərinə qaytarıldı. 2000-ci ildə isə Əli Kərimli Milli Məclisdə iştirakı üçün həmin mənzilin qaytarılmasını hakimiyyətlə gizli danışıqlarda əsas şərt olaraq irəli sürdü. Onun bu gülünc tələbi bizim hamımızda böyük təəccüb və təəssüf doğurdu. Çünki heç bir vicdanlı siyasətçi öz sadəlövh elektoratını görünüşdə bər-bəzəkli şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb gizlində mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq gedib Milli Məclisdə oturdu”.
 
S.Novruzov deyib ki, Ə.Kərimlinin bu əməlləri indi də davam edir: “Kimsə onun fikrinin əleyhinə çıxırsa, söz, fikir azadlığı irəli sürürsə, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifrət bəsləyir və altdan-altdan mübarizə aparır, onlar haqqında xoşagəlməz yazılar yazdırır. Yəni bütün hallarda Əli Kərimli öz silahdaşlarını satıb. Hətta 2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli sürməyəcək. Necə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində desək, “dilindən yazılı iltizam verib”. Bu gün vaxtilə Ümummilli Lider Heydər Əliyev Milli Məclisə gələrkən ayağa qalxmamağı ilə “fəxr edən” bu şəxs dövlət başçısı və özündən yaşca qat-qat böyük olan bir insanın qarşısındakı elementar tərbiyəsizliyini özü üçün "piar"a çevirəcək qədər mənəviyyatsızdır. Yəni ki, həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Əli Kərimlinin ümumiyyətlə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram”.

 

Şərhlər