İlham Əliyevin London zəfəri

07.02.2016 21:52     Siyasi reaksiya     1036

Azərbaycanın xüsusi rolu

İlk olaraq xatırladaq ki, İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına BMT-nin Baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin, Norveç Krallığının baş naziri Erna Sulberqin və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əs-Sabahın dəvəti ilə Londonda keçirilmiş "Suriyanın və regionun dəstəklənməsi" konfransında iştirak etmək üçün gəlmişdi.

Qeyd etmək lazımdır ki, müasir Böyük Britaniya yalnız Britaniya İmperiyasının varisi deyil, həm də Avropanın ən iri ölkələrindən biri, nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, G8, G20, NATO, İƏİT, UTT, Avropa Şurasının və ATƏT-in üzvüdür. Prezident İlham Əliyevin Londona dəvət olunması bir daha göstərir ki, Azərbaycan-Britaniya münasibətləri müsbət inkişaf vektoruna malikdir.

Məlum olduğu kimi, Böyük Britaniya bütün qlobal dünya problemlərinin, o cümlədən Yaxın Şərqdə və ələlxüsus Suriyadakı ixtilafların həllində ən fəal şəkildə iştirak edir. Bununla əlaqədar olaraq xatırlatmaq yerinə düşər ki, yanvarın 29-da BMT-nin Cenevrədəki mənzil-qərargahında Suriya böhranının tənzimlənməsi üzrə danışıqlar başlayıb. Bu danışıqlar Suriya müharibəsinin beş illik tarixi ərzində bir ilkdir.

Suriya 2011-ci ildən vətəndaş müharibəsi girdabındadır. Suriya böhranının sülh yolu ilə tənzimlənməsi məqsədilə ilk "Cenevrə-1" beynəlxalq konfransı 2012-ci ilin iyun ayının 12-də İsveçrədə baş tutmuşdu. Onun nəticələrinə əsasən, Cenevrə kommünikesi qəbul edilmişdi. "Cenevrə-2" beynəlxalq konfransı Suriya böhranının həlli üzrə danışıqlar prosesinin davamı olmuşdu. Konfrans 2014-cü ilin yanvar ayının 22-də başlamışdı. Lakin burada konkret nəticə əldə edilməmişdi.

Təəssüf ki, Suriya münaqişəsinin tənzimlənməsi üzrə indiki danışıqlar da fevralın 25-nə təxirə salınıb. Bu məlumatı BMT-nin xüsusi elçisi Staffan de Mistura verib. Suriya prezidenti Bəşər Əsədə müxalifətdə olan aparıcı qüvvələrinin nümayəndələri Suriyada "rejimin cinayətlərinin davam edəcəyi" təqdirdə "Cenevrə-3" çərçivəsində danışıqları tərk edəcəkləri ilə hədə-qorxu gəlirlər. Hamıya aydındır ki, Suriya problemi dərin və ciddi olduğu qədər tez bir zamanda həllini gözləyən məsələdir.

Azərbaycana Yaxın Şərqdəki təhlükəli tendensiyaların lokallaşdırılmasında, başı bəlalı Suriyada qarşı-qarşıya duran tərəflərin mövqelərinin yaxınlaşdırılmasında vacib rol ayrılır ki, bu da dövlətimizin xarici siyasətinin düzgünlüyünü və dünyada Azərbaycanın nüfuzunun artmasını göstərir.

Ənənələrə sadiqlik

Yaxın keçmişə qısa bir ekskurs edək. Sovet İttifaqı dağılandan sonra 1991-ci ilin dekabrında Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri oldu, 1992-ci ilin mart ayında isə ölkələrimiz arasında diplomatik münasibətlər quruldu.

Buna baxmayaraq, Azərbaycanın müstəqilliyinin ilk illəri ərzində Böyük Britaniya ilə qarşılıqlı əlaqələr, demək olar ki, inkişaf etmirdi. Bunun səbəbi o zaman Azərbaycanı idarə edən qüvvələrin bacarıqsız xarici siyasəti idi. Yalnız ölkəmizdə hakimiyyətə Ümummilli lider Heydər Əliyevin gəlişindən sonra Azərbaycan-Boyük Britaniya əlaqələri konkret məzmunla doldu.

1994-cü ilin 22-25 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin başçılığı altında nümayəndə heyətinin Böyük Britaniyanın baş naziri Con Meycorun dəvəti ilə Londona səfəri ikitərəfli münasibətlərdə əsl dönüş nöqtəsi oldu. Həmin səfər çərçivəsində Heydər Əliyev xarici işlər naziri Duqlas Herdi, keçmiş baş nazir Marqaret Tetçeri, "Britiş Petroleum" şirkətinin prezidenti Saymon Devidi qəbul etdi.

Elə o zaman iki dövlət arasında müqavilələrin imzalanması mərasimi keçirildi. Prezident Heydər Əliyev və baş nazir Con Meycor "Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"ni, "İkiqat vergitutmanın ləğv edilməsi haqqında müqavilə"ni, "Energetika sahəsində əməkdaşlıq haqqında Memorandum"u, "Hava daşınmaları sahəsində əməkdaşlıq haqqında müqavilə"ni, "İnvestisiyaların qorunması və təşviqi haqqında müqavilə"ni imzaladılar.

Bütün bu illər ərzində Azərbaycan özünü Böyük Britaniyanın əhəmiyyətli və etibarlı tərəfdaşı kimi göstərib. Ümummilli lider Heydər Əliyevin siyasətinin davamçısı olan Prezident İlham Əliyev də hər zaman Azərbaycan-Böyük Britaniya münasibətlərinin əhəmiyyətini xüsusilə qeyd edib. Onun Londona bu dəfəki səfəri 1994-cü ilin fevralında bünövrəsi qoyulmuş ənənənin düzgünlüyünün və uğurluluğunun sübutudur.

Əsl dostun sözləri

Hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri artan xəttlə inkişaf edir. Ölkələrimiz arasında neft-qaz sektorunda, nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün hər cür münbit şərait mövcuddur. Gördüyümüz kimi, Suriyanın gələcəyi məsələsində də Londonla Bakı arasında razılaşdırılmış əməkdaşlıq növcuddur.

Düzdür, hazırda Suriya yarıdağılmış vəziyyətdədir. Lakin bu ölkə gec-tez uzun sürən böhrandan çıxacaq və onu bərpa etmək lazım gələcək. Azərbaycan Prezidenti İlham Əliyev Suriyaya bizim tərəfimizdən yardım formalarına baxışı haqqında çox aşıq və konkret fikir bildirib. Aydın məsələdir ki, ölkənin istitusional inkişafının bərpası təhsil sisteminin inkişafı olmadan mümkün deyil. Bizim ölkəmizdə isə təhsil sistemində uğurlu islahatlar aparılır və ölkəmiz bunun nəticələrini Suriya ilə paylaşmağa hazırdır.

Təbii ki, Azərbaycanın Londonda Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş bu təklifi Böyük Britaniya, AFR, Norveç və Küveytin iştirakı ilə ilkin məsləhətləşmələrin nəticəsi idi və bu, bir daha göstərir ki, ölkəmizin təhsil sistemindəki islahatlar ən yüksək səviyyədə tanınır və biz artıq müsbət təcrübə qismində dünyaya nəsə təklif edə bilirik. Bunu rəqəmlər də sübut edir: Azərbaycan əhalisinin savadlılıq səviyyəsi 100 faizə bərabərdir.

Bununla əlaqədar yada salmaq lazımdır ki, Azərbaycan Suriya ilə, xüsusilə mədəni-humanitar sahədə, həmişə sıx əlaqələrə malik olub. Suriya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İndi isə o özü ərazi bütövlüyünün pozulması ilə üz-üzə qalıb. Bundan savayı, Suriya əsl humanitar fəlakətlə qarşılaşıb — bu ölkəni tərk etmiş qaçqınların ümumi sayı 4,5 milyon nəfərdir.

Suriyanı 20 ildən artıq bir müddətdə torpaqlarının 20%-i erməni işğalının altında olan Azərbaycandan yaxşı kim anlaya bilər?! Erməni təcavüzünün qurbanlarını, bir milyon qaçqın və məcburi köçkünü qəbul etmək, yedizdirmək, yerləşdirmək, oxutmaq zərurəti ilə üz-üzə qalmış Azərbaycandan qeyri kim Suriyaya yardım əli uzatsın?!

"Əlbəttə, biz Suriyadakı bacı və qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik", - Londondakı "Suriyanın və regionun dəstəklənməsi" konfransında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev belə deyib. Bu, özünə və Azərbaycanın yürütdüyü xarici siyasətin düzgünlüyünə güvənən siyasətçinin sözləri idi. Bu, bəlaya düşmüş qardaşlarına yardım əli uzatmağa hazır olan əsl dostun sözləri idi. Bu, sözləri heç zaman əməlləri ilə təzad yaratmayan, nailiyyətləri və uğurları bütün dünyada tanınan siyasətçinin çıxışı idi. İlham Əliyevin Londona zəfərlə başa çatmış səfərinin yekunu budur.

Avropa.info

Şərhlər