Rusiyalı politoloq jurnalist həmyerlisinin Qarabağla bağlı cavabını verdi

10.02.2016 13:27     Siyasi reaksiya     1318

“Exo Moskvı”radiosunun redaktoru Aleksey Venediktovun “Rusiya Qarabağ kartından hər an, hər  yerdə istifadə edə bilər” fikri siyasi arenada müzkirələrə səbəb olub.
 
“Reaksiya” "Atv.az"-a istinadən xəbər verir ki, Venediktov BBC-nin “Üçüncü dünya müharibəsi başlayır” adlı sənədli filmini şərh edərkən sarkazma əl atıb.
 
Bu zaman Rusiyanın postsovet ölkələrində yaranan münaqişələrə təsirini diqqətə çatdıran jurnalist Dağlıq Qarabağı da “unutmayıb”. Və həm də Azərbaycanla Türkiyəni birgə bəlanın içinə çəkəcəklərini deyib.
 
Şərhçinin fikirlərinə münasibət elə həmyerlisi tanınmış politoloq Oleq Kuznetsovdan gəlib.
 
Kuznetsov atv.az-a açıqlamasında bildirib ki, Venediktovun dediklərini heç şərh etmək istəməzdi:  “Çünki bu sadəcə akkustik effektdir. Amma zarafatı bir yana qoysaq, qeyd etmək lazımdır ki, mətbuat  yalnız kontent müştərilərinin əvəzi ödənilmiş sifarişlərini yazır – bu hər zaman və hər yerdə belədir”.
 
“Onda bu sifarişi kim edə bilər” sualına belə cavab verir:
 
“Jirinovski və Zuqanovdan tutmuş, Sarqsyan və Abramyanadək. Rusiya uzun müddət Ukrayna ilə düşmən ola bilməz, ona görə də indi diqqətini Türkiyəyə çevirib. Lakin hakimiyyətdə peşəkarlar çox az olduğundan, Dövlət Dumasının heç bir deputatı bilmir ki, 1921-ci ildə Türkiyə ilə bağlanan Moskva və Kars müqavilələrində Qarabağ haqqında nə deyilir. Heç kəs bilmir ki, Moskva müqaviləsi neçə il  müddətinə bağlanılıb. Axı antitürk “vətənpərvərliyi” indi hamıya sərfəlidir”.
 
“Hazırda,  Rusiyada antiərdoğan ritorikasına sifariş var,  lakin məsələnin mahiyyətinə varmadıqlarına görə, hər şeyə antitürk prizmasından baxılır, halbuki hətta Türkiyədəki turist biznesinin tən yarısına Rusiyadan nəzarət edilir. Prezident Putinə sadaqətini göstərərək, onun yaxın ətrafının gözlərində əlavə xallar qazanmaq istəyən hər bir kəs Venediktovun bu rəyini maliyyələşdirə bilərdi. İndi bu ümumi trenddir. Hətta Venediktov bunu şəxsi təşəbbüsü olaraq da deyə bilərdi, axı indi məhz belə fikirlər dəbdədir” deyə, bildirib.

Şərhlər