Azərbaycanla Almaniya siyasi məsləhətləşmə keçirib
10.02.2016 20:06 Siyasi reaksiya 1050
Almaniya-Azərbaycan siyasi məsləhətləşmələri keçirilib. Görüşdə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinə nazir müavini Xələf Xələfov rəhbərlik edib.
Azərbaycan tərəfi AFR-in ATƏT-də hazırki sədrliyini nəzərə alaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT-in səylərinin artırılması zərurətinə diqqət çəkib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, məsləhətləşmələr çərçivəsində Almaniya XİN-in xüsusi nümayəndəsi Andreas Peşke və Federal Kansler Administrasiyasının nümayəndəsi Knut Abrahamla görüşlər keçirilib.
İkitərəfli münasibətlərin hazırki vəziyyəti və perspektivləri, Azərbaycanın regiondakı yeri və rolu, Almaniyanın Qarabağ münaqişəsinin həllinə mümkün töhfəsi, Xəzər hövzəsində vəziyyət, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.
Xələfov qeyd edib ki, Azərbaycan Almaniya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və ümid edir ki, Almaniya ATƏT sədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həllində daha fəal rol oynayacaq. O, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşdırılmasında və ölkə iqtisadiyyatının müasirləşdirilməsi üzrə islahatlarda Azərbaycanın rolunu vurğulayıb.
Almaniya hökumətinin nümayəndələri Azərbaycanın regionda Almaniyanın mühüm siyasi və iqtisadi tərəfdaşı olduğunu qeyd ediblər və Azərbaycanın Asiya və Avropa arasında nəqliyyat-kommunikasiya qovşaqlarının əlaqələndirilməsi və inkişafı üzrə səylərini yüksək qiymətləndiriblər.
Musavat.com
Şərhlər