Azərbaycan MM-in nümayəndə heyəti İsraildə səfərdə olub

13.02.2016 15:52     Siyasi reaksiya     1122

 Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə səfərdə olub.

 

MM-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, parlamentin İsraillə dostluq qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun sədri Yevda Abramov və Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyevanın təmsil olunduğu heyətin səfəri İsrail parlamentinin dəvəti ilə reallaşıb.

 

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İsrail prezidenti Ruvi Rivlin, Knessetin (İsrail parlamenti) spikeri Yuli-Yoel Edelşteyn, İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbi, İsrail-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri Aviqdor Liberman, İsrail XİN-in Yaxın Şərq bürosunun və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Amir Veissbrod, XİN-in Siyasi rəhbəri Alon Uşpiz, XİN-in Avro-Asiya və Balkanlar üzrə Baş direktorunun müavini Zvi Rav-Ner, həmçinin İsrail parlament qruplarının, lobbilərinin  rəhbərləri və üzvləri ilə görüşüblər.

 

İsrail prezidenti ilə görüşdə Azərbaycan nümayəndə heyəti BMT-dəXocalı soyqırımı ilə bağlı çıxışına və ölkəmizin mövqeyini dəstəklədiyinə görə ona təşəkkür ediblər.

 

Görüşlərdə İsrail-Azərbaycan münasibətləri ətraflı müzakirə edilib. İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirib. Onlar Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində, çoxşaxəli, o cümlədən, iqtisadi əlaqələrin inkişafında, Azərbaycanın multikultural dəyərlərinin yayılması sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

 

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən mərkəzlərlə tanış olmaq imkanı yaradılıb. Qeyd olunub ki, iki dövlətin münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycan Milli Məclisinin nümayəndə heyəti  Knessetin dəvəti ilə İsraildə rəsmi səfərdə olub.

Şərhlər