Mətbuat icmalı: Ahmet Davutoğlu: "Azərbaycanın ərazi bütövlüyü təhlükədədir”
16.02.2016 18:45 Siyasi reaksiya 1293
"Azərbaycan": Azərbaycanın Qırğızıstandakı səfiri: " XX əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə iki böyük insan bəxş edib - Heydər Əliyev və Çingiz Aytmatovu"
"Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ölkənin İctimai Teleradio Yayım Korporasiyası - KTRK kanalında yayımlanan “Dostluq körpüsü” proqramının qonağı olub.
...Hidayət Orucov Çingiz Aytmatovla bağlı suala cavabında qeyd edib ki, XX əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə iki böyük insan bəxş edib - siyasətdə Heydər Əliyevi, ədəbiyyatda Çingiz Aytmatovu.
...Diplomat vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Bu xətt Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevin və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Bildirilib ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğızıstanın İctimai Teleradio Yayım Korporasiyası arasında əməkdaşlığa start verilməsi sevindirici haldır. Səfir KTRK-nın “Azərspace-1” peykindən istifadəyə başlamasını yüksək qiymətləndirib və Qırğızıstanın digər televiziya kanallarının da Azərbaycan peykinə maraq göstərdiyini vurğulayıb.
Diplomat ulu öndər Heydər Əliyev haqqında filmləri yaydığına və səfirliyin tədbirlərini işıqlandırdığına görə kanala təşəkkürünü bildirib."
"Xalq qəzeti" : Bosniya və Herseqovina Respublikası Avropa İttifaqına üzvlük üçün müraciət edib
"“Euronews”un yaydığı məlumata görə, Bosniya və Herseqovina Respublikası Avropa İttifaqına üzv olmaq üçün rəsmən Brüsselə müraciət ünvanlayıb.
...Bu barədə Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin sammitində İttifaqın diplomatiya rəhbəri Federica Mogherini məlumat verib.
F.Mogherini bu hadisənin həm Bosniya və Herseqovina, həm də Avropa İttifaqı ölkələri üçün müsbət siqnal olduğunu deyib. O qeyd edib ki, Avropa İttifaqının 28 üzvü rəsmi Sarayevonun müraciətinə baxaraq, müvafiq qərar vermək niyyətindədir."
"Yeni Müsavat": Araz Əzimov: "Aİ ilə Assosiasiya sazişi anlayışı bizim üçün deyil "
Xarici İşlər Nazirinin müavini Araz Əzimov Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibə verib. O, Bakının Suriya böhranında kimin tərəfində olmasından tutmuş manatın ucuzlaşmasına və Amal Kluninin jurnalist Xədicə İsmayılı müdafiə etməsinə qədər bir çox mövzularda suallara cavab verib.
Suriya münaqişəsində Azərbaycanın kimin tərəfində olduğu barədə suala cavab verən Araz Əzimov belə deyib: "Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq. İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş verənlərdən narahatıq. Biz islam dünyasında şiələrlə sünnilər arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı döyüşür.
Hesab edirəm ki, Rusiyanın və digərlərinin hava zərbələri o qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa gələrdi.
Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik."
Azərbaycanın bəzi rayonlarında qiymətlərin artmasına görə etirazların baş verdiyi barədə suala nazir müavini belə cavab verib: "Bu tip informasiyalar düzgün olmayan mənzərə yaradır. Siz özünüz ölkəyə gəlib stabilliyin şahidi ola bilərsiniz. Ola bilsin, kreditlərini qaytara bilməyən bir neçə işçinin və ya əməkhaqqını vaxtında ödəyə bilməyən şirkətlərin problemləri var. Lakin nümayişlər yoxdur."
Jurnalistin "bəs siyasi islahatlar, açıq siyasi sistemə keçid olacaqmı" sualına cavab olaraq Araz Əzimov "ASAN" xidmətinin fəaliyyətini nümunə göstərib. "Bunlar siyasi islahatlar deyil? Əlbəttə, elədir," deyə o bildirib.
Azərbaycannın Avropa İttifaqı ilə münasibətləri barədə suala cavab verərkən Araz Əzimov bildirib ki, "Aİ ilə Assosiasiya sazişi anlayışı bizim üçün deyil, çünki bu, Ukrayna və Gürcüstan kimi ölkələrin istədiyi üzvlük istiqamətində addımdır. Biz bunu istəmirik. Müxtəlif ölkələrə eyni şeyi təklif etmək olmaz."
Cənab Əzimova Amal Kluninin araşdırmaçı jurnalist Xədicə İsmayılı müdafiə edəcəyi barədə sual verilib. Onun cavabı belə olub:
"Mən Corc Klunini yaxşı aktyor və rejissor hesab edirəm. Amal Kluni isə deyəsən, onun xanımıdır, hüquqşünasdır. O, Livan əsillidir, eşitmişəm ermənidir. O, kimi təmsil edir? ...Amal Kluninin doğrudan da işi-gücü yoxmuş...
...Amal Kluni yaxşı hüquqşünas deyil. O, ancaq buna görə məşhurdur ki, Corc Kluninin arvadıdır. Öz istedadını üzə çıxarmaq üçün daha yaxşı məşğuliyyət tapa bilərdi."
"Yeni Müsavat": Ahmet Davutoğlu: “Rusiya Gürcüstanın, Ukraynanın və Suriyanın ərazi bütövlüyünü pozub, indi də Azərbaycanın ərazi bütövlüyü təhlükədədir”
"Türkiyə Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi hesab edir”. Bunu Əhməd Davudoğlu ukraynalı həmkarı Arseni Yatsenyukla görüşdə bildirib. “Bizim üçün Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi təməl dəyərdir, ona görə də biz Krımı Ukraynanın tərkib hissəsi sayırıq və Sovet İttifaqının dağılmasından sonra üzləşdiyi çətinliklərin həllində Ukraynanı dəstəkləyirik”, - deyə Davudoğlu bəyan edib.
“Rusiya Gürcüstanın, Ukraynanın və Suriyanın ərazi bütövlüyünü pozub, indi də Azərbaycanın ərazi bütövlüyü təhlükə altındadır”. Ukrayna mediasının məlumatına görə, bunu da baş nazir Davudoğlu Kiyevdə ukraynalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Rusiyanın yeni siyasət konsepsiyası - ekspansionizmin və aqressivliyin davamıdır."
“Abxaziyadan başlanan situasiya Krımda davam edir. Hazırda üç ölkə var ki, onların ərazi bütövlüyünü Rusiya pozub - Gürcüstan, Ukrayna, Suriya. Rusiyanın kömək elədiyi Ermənistanın davranışı üzündən Azərbaycanın ərazi bütövlüyü də indi təhlükədədir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Rusiyanın dəstəyi ilə baş verib,” deyə Ahmet Davutoğlu əlavə edib.
Müəlliflər iddia edirlər ki, bir sıra Azərbaycan KİV-lərində Baş nazirin Rusiya ilə bağlı sərt fikirləri bəlli olmayan səbəblərdən yumşaldılıb.
"Azadlıq": 170 min dollara vəzifə satışı ilə bağlı qalmaqal barədə
Vəkil Adəm Məmmədov mətbuata açıqlamasında bildirmişdi ki, dövlət komitələrindən birinin rəhbəri müdafiə etdiyi şəxsdən onu icra başçısının müavini vəzifəsinə təyin etdirmək üçün 170 min dollar alıb. Ancaq vəkil həmin komitənin və onun rəhbərinin adlarını açıqlamamışdı.
“Dünən Adəm Məmmədov APA-ya bildirib ki, pul Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər Imanova verilib. Vəkilin sözlərinə görə, Səfər Imanov bu dələduzluğu 2012-ci ildə törədib. Lakin bu, onun yeganə dələduzluğu deyil. Başqa iki nəfər də vəkilə Səfər Imanov tərəfindən aldadıldıqları barədə müraciət edib: “Həmin şəxslər də işə düzəlmək adı ilə Səfər Imanova müxtəlif məbləğdə pul verdiklərini bildirirlər. Növbəti müraciətlərlə bağlı da aidiyyəti qurumlara müraciət edəcəyik”.
Komitədən isə APA-ya bildirilib ki, Səfər Imanov vəzifədə olduğu müddət ərzində iki dəfə töhmət alıb.
...Dövlət Komitəsinin Informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Səfər Imanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov komitədə olub."
Adəm Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə müraciət edilib. “Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin, təkzib edilməyib”, – Elgün Səfərov əlavə edib."
Vəkil Adəm Məmmədov isə “Azadlıq” qəzetinə Elgün Səfərovun onun barəsində səsləndirdiyi fikrin tamamilə yalan olduğunu deyib. O, bu məsələ ilə bağlı adı çəkilən Komitədə olmadığını, hüquqlarını müdafiə etdiyi şəxsin israrla iddiasını müdafiə etdiyini deyib.
"Pulu Səfər Imanova verməsi barədə müvəkkilində tutarlı dəlillər var. Hətta Səfər Imanovun aldığı pulları Komitə sədrinə verməsi haqda yazılı qeydlər də var. Vəkil həmçinin qeyd edib ki, sosial şəbəkələrdə bununla bağlı yazı ictimailəşdikdən sonra daha iki nəfər ona eyni motivlə zərər çəkmələri barədə müraciət edib."
Şərhlər