“Belə çıxır ki, biz gecikmişik”
17.02.2016 17:07 Siyasi reaksiya 1160
“Bəzən iddia edirlər ki, niyə bu hadisə ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsinə müraciət olunmur və iş qaldırılmır. Buna səbəb orada yerləşən məhkəmələr sistemində bununla bağlı orqanın olmamasıdır.
Məsələn, orada Yuqoslaviya hadisəsi ilə bağlı məhkəmə fəaliyyət göstərir ki, bu sırf 90-cı illərin əvvəlində orada baş verən hadisələri araşdırır. Livanın baş nazirinə qarşı sui qəsd ilə bağlı da məhkəmə var. Bir də beynəlxalq cinayət məhkəməsi də fəaliyyət göstərir ki, bu da 2000-ci ildən sonrakı hadisələri araşdırır”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov deyib. O bildirib ki,. Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur.
“Bir nəfərin ölümü ilə bağlı orada məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı hadisəsi ilə bağlı yoxdur. Bu, beynəlxalq ikili standartların nəticəsidir”.
N. Səfərov onu da deyib ki, Xocalı soyqırımı baş verən zaman Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmayıb.
“Yalnız 1999-cu ildə Cinayət Məcəlləsində bu, əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyalarını ratifikasiya edərək bunu Cinayət Məcəlləsinə köçürdük”.
Çıxış edən deputat Qüdrət Həsənquliyev isə bu fikirlərə etiraz edib. O deyib ki, Xocalı soyqırımına Haaqa Məhkəməsində bununla bağlı orqanın yaradılması çoxdan baş verməliydi:
“Belə çıxır ki, biz gecikmişik. Məsələn biz Haaqa Məhkəməsində beynəlxalq cinayətlər ilə bağlı nizamnaməni ratifikasiya etməliyik. Əgər biz bunu ratifikasiya etmiriksə, Xocalı ilə bağlı necə huquqi müraciət edə bilərik?”
Şərhlər