Qaradağlı soyqırımının qurbanlarının xatirəsi yad edilib - VİDEO - FOTOLAR
17.02.2016 22:19 Siyasi reaksiya 1854
24 il bundan öncə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli faciə baş verdi...
Karabakh.Today xəbər verir ki, Bu gün də xocavəndlilər Qaradağlı faciəsinin anım mərasimini keçirməyə toplaşmışdılar. Əvvəlcə tədbir iştirakçıları Qaradağlı kənd nümayəndələrinin məskunlaşdığı Yeni Qaradağlı kəndində ucaldılan xatirə kompleksini ziyarət etdilər. Daha sonra anım tədbiri başladı. Hadisələrlə bağlı xatirələrini bölüşən Salakətin kənd orta məktəbinin tarix müəlliməsi Telli Alıyeva bildirdi ki, o, özü həmin soyqırımın canlı şahidlərindəndir. O, qeyd etdi ki, Qaradağlı soyqırımının canlı şahidləri olan insanlar gərək özlərindən sonra gələcək nəsillərə doğma torpaqları haqqında, yaşanan soyqırım haqqında məlumatları çatdırmalıdırlar: “Yeni gələn nəsillər o gün Qaradağlını görməyiblər. Onlara bu gün haqqında danışmaq lazımdır. Mən inanıram ki, bir gün torpaqlarımız yağı tapdağından azad olunacaq və biz o gün torpaqlarımızın azadlığı uğrunda şəhidlərimizin məzarı önündə dayanacaq və deyəcəyik ki, “Ruhunuz şad olsun! Biz sizin hüzurunuza qələbə ilə qayıtdıq”.”
Daha sonra çıxış edən şəhid ailəsi Turab Hüseynov bildirdi ki, hər zaman Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin bircə sözü, bircə əmri kifayətdir ki, biz torpaqlarımızı yağı tapdağından azad edək: “Bizim güclü ordumuz var. Azərbaycan regionda lider dövlətdir. Fikrimcə, biz bir gün Qaradağlını və eyni zamanda bütün Qarabağ torpaqlarını işğal azad edəcəyik. Mübrizəmiz o günə kimi davam edəcək”.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov o dövrdə baş verənlərə qısa ekskursiya edərək, Qaradağlı soyqırımına gedən yol haqqında tədbir iştirakçılarına məlumat verdi. O, bildirdi ki, Xocavənd kəndi erməni işğalçıları tərəfindən işğal olunandan sonra Qaradağlı tam blokadada idi: “o dövrdə erməni yaraqlıları üçün iki strateji məkan var idisə, onunu biri də heç şübhəsiz ki, Qaradağlı kəndi idi. 1992 – ci ilin əvvəllərindən demək olar ki, hər gün düşmən hücumuna məruz qalırdı. Dünyanın ən önəmli terror təşkilatlarının yetişdirdiyi erməni terrorçularının hücumları qarşısında qeyri – bərabər döyüşlərdə nə qədər insan şəhid oldu. Döyüşlər oldu, insanlarımız cəsarətlə döyüşdülər. O qeyri – bərabər döyüşlərdə şəhid olan insanlar gələcək nəsillərə örnək olmalıdır. Bizim borcumuzdur ki, o döyüşlərdə şəhid olan insanlarımızı yada salaq. Yada salaq ki, şəhidlərimizin qanı yerdə qalmasn”. Sonda orta məktəb şagirdləri Qaradağlı soyqırımı ilə bağlı ədəbi – bədii kompozisiya nümayiç etdiriblər.
Şərhlər