Təhsilin himayədarı, dəyərlərin qoruyucusu, millətin vəkili... - "Deputatınızı tanıyın!" layihəsində - FOTOLAR

02.07.2015 14:27     Siyasi reaksiya     5058

Məhz mənəvi dəyərlərin qorunması ilə də, xanım deputat uğurlu strategiya seçib: çünki seçildiyi dairədə sakinlərin əskəriyyəti mühafizəkar, dəyərlərinə bağlı adamlardır.

Artıq I Avropa Oyunları geridə qaldı, irəlidə isə bizi Milli Məclisin V çağırışına seçkilər gözləyir. Ölkənin 125 seçki dairəsində seçicilər 5 il ərzində millət vəkili adına layiq bildikləri şəxslərə səs verəcəklər. Bu seçkilər ərəfəsində hazırkı deputatlardan kimin 5 ildə nə ilə məşğul olduğu, kimin parlamentlə vidalaşacağı da maraq doğurur. Bəzi dairələrdə seçicilər öz deputatlarını tanımır da, lakin elə deputatlar da var ki, öz seçiciləri ilə daim təmasda olur, parlamentdəki fəaliyyətlərində də aktivlik göstərirlər.

Reaksiya.Az seçicilərin marağını nəzərə alaraq, “Deputatınızı tanıyın!” layihəsinə başlayır. Bu layihədə fəaliyyəti haqqında oxumaq istədiyiniz və hətta beş illik fəaliyyəti ilə bağlı hesabat gözlədiyiniz deputatların adını bizə [email protected] və ya [email protected] ünvanlarına yaza bilərsiniz. Həmçinin (012) 409-05-49 telefon nömrəsi ilə də əlaqə saxlamağınız, öz təklif və şikayətlərinizi bildirməyiniz mümkündür.

Beləliklə, “Deputatınızı tanıyın!” layihəsinə start veririk. Layihəmizin ilk qonağı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbyacan Gimnastika Federasiyasının prezidenti, Milli Məclisinin üzvü Mehriban Əliyevadır.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən “İlin qadını” adına layiq görülən Mehriban Arif qızı Əliyeva həmin il Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri siyahısında irəli sürülüb, 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə 14 saylı Əzizbəyov (indiki Xəzər rayonu) ikinci seçki dairəsində 92.12% (23106 səs) səs toplayaraq millət vəkili seçilib.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib. İkinci dəfə isə M.Əliyeva bu mükafatla I Avropa Oyunlarının təşkilatçılıq işlərində uğurlarına görə, bu il iyunun 29-da təltif olunub.

2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

Bu yazıda Mehriban Əliyevanın daha çox deputatlıq fəaliyyətinə diqqət yetirməyə çalışdıq.

Hələ Milli Məclisə namizədlik vaxtından başlayaraq, . Şüvəlan, Zirə, Türkan, Binə qəsəbələrində sakinlərlə, ovaxtkı Əzizbəyov – indiki Xəzər rayonunun təhsil, səhiyyə işçiləri, sahibkarları və gəncləri ilə silsilə görüşlər keçirən M.Əliyeva görüşlərdə qaldırılan məsələləri qeyd edərək, deputat seçildikdən sonrakı müddətdə işıqlandırıb, həllinə çalışıb. Hətta həmin vaxtlarda “Əzizbəyon rayonunun inkişafı” Fondu da yaradılıb.

Buzovna qəsəbəsində 289 nömrəli  və 246 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmiri və yenidənqurması, ürkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının, Türkan 6 saylı internat məktəbinin inşasını, Şüvəlanda 78 saylı körpələr evi-uşaq bağıçasındakı yeniqdənqurma işlərini Buzovnada Respublika Uşaq Sanatoriyasının abadlaşdırılıb istfadəyə veilməsini uşaqların vəziyyətinin və təhsilin yaxşılaşdırması istiqamətində görülən iş kimi qiymətləndirmək olar. 1933-cü ildə tikilən, amma uzun illər boyu əsaslı təmir görməyən Türkan qəsəbəsindəki 14 saylı uşaq bağçasının əsaslı şəkildə yeniləşməsi də Mehriban Əliyevanın deputatlıq dövrünə təsadüf edib.

Həmçinin Buzovna, Türkan, Zirə, Binə, “Şimal DRES” və rayonda olan digər qəsəbələrdə yolların abadlaşdırılması, içməli su və daimi elektrik enerjisi ilə bağlı problemlər də Mehriban Əliyevanın deputatlığı vaxtında həllini tapıb.

Yaxın günlərdə əməkdaşlarımız Türkan və Binə qəsəbəsində sakinlərlə görüşərkən də birmənalı şəkildə bildirilmişdi ki, deputat bu ərazilərdəki problemlərlə yaxından maraqlanır və şikayətlər, müraciətlər həllini tapır.

Məsələn, Şahmar Əliyev adlı Türkan sakini 2005-ci ildən əvvəl olan bir çox problemin artıq qalmadığını, vaxtilə sakinləri çox narahat edən işıq və qaz problemlərinin son illərdə tamamilə həll olunduğunu dedi. Məleykə Kərimova adlı Binə sakini də sosial problemlərlə yanaşı, təhsil məsələsində olan problemlərin aradan qaldırılmasını, məktəblərin abadlaşdırılmasını vurğuladı. O, Binə məscidinin, eləcə də Bakıətrafındakı bir çox ziyarətgah məscidlərin abadlaşdırılmasında Mehriban Əliyevanın xüsusi rolu olmasından razılıq etdi.

Məhz mənəvi dəyərlərin qorunması ilə də, xanım deputat uğurlu strategiya seçib: çünki seçildiyi dairədə, Bakıətrafı qəsəbələrdə sakinlərin əskəriyyəti mühafizəkar, dəyərlərinə bağlı adamlardır. Həm təhsil müəssisələrinin, həm də ibadət yerlərinin, ziyarətgahların abadlaşdırılması seçicilərin rəğbətini qazanmaq istiqamətində bilavasitə mühüm rol oynayıb.

Eyni zamanda muğama artırılan qayğı və Heydər Əliyev Fondunun bu istiqamətdə ciddi işlər görməsi bilavasitə fond rəhbəri olan deputatın öz seçiciləri arasında daha çox sevilməsinə səbəb olub.

O, həmçinin 2013-cü ilin aprelində 2 mindən çox şəxsin azadlığa buraxılmasını nəzərdən tutan amnistiya aktı ilə bağlı Milli Məclisə müraciət etmişdi.

Heydər Əliyeva Fondunun xətti ilə respublikada 200-dən çox məktəbin tikilməsi və abadlaşdırılması zamanı da, 14 saylı Xəzər seçki dairəsinə daxil olan qəsəbələr kənarda qalmayıb.

Əlbəttə ki, Mehriban Əliyevanın başqa vəzifələri, səlahiyyətləri də var. O, yalnız Xəzər rayonu deyil, Bkaının və respublikanın digər rayonlarında da müxtəlif layihələr həyata keçirir, müxtəlif məktəblərin inşası və abadlaşdırılması ilə məşğul olur.

Lakin görünür ki, təşkilatçılıq işi yaxşı qurulduqda, həm öz seçicilərinin problemlərinə, həm respublikada həyata keçirilən müxtəlif xeyriyyə layihələrinə, həm də beynəlxalq səviyyəli tədbirlərə vaxt və diqqət ayıra bilərsən....

Növbəti yazıda görüşənədək!

 

Şərhlər