İkinci Qarabağ müharibəsinin qalibi Azərbaycan olacaq!...

02.07.2015 18:53     Siyasi reaksiya     2005

 “Anarxiya qurbanı olmayın, Sarkisyan və onun havadarlarının quluna çevrilib hakimiyyətin şəxsi maraqları naminə Ermənistanı bundan da ağır fəlakətlərə sürükləməyin.”

“Ermənistanda uzun zamandır davam edən anarxiya, özbaşınalıq, əhalinin yaşayışının gündən-günə pisləşməsi, insan haqlarının pozulması məsələsi artıq ciddi narahatçılıq yaratmağa başlayıb.”

“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun sözlərinə görə, “elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı əhalinin günlərdir davam edən etirazı Ermənistanın qarşıdakı fəlakətinin hələ “anonsu”dur. Bunun filmi qarşıdadır. Nə qədər ki, Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməyəcək onlar indiki kimi başqalarının oyuncağı olaraq səfalət içərisində yaşayacaqlar.”

QHT sədri bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarını müharibə yolu ilə də  olsa gec-tez geri qaytaracağı erməniləri düşündürməlidir: “Bu gün ayağa qalxan ermənilər Azərbaycanın yaxın zamanlarda müharibə ehtimalını reallaşdıra biləcəyini də göz önünə almalıdırlar. Əgər ikinci Qarabağ müharibəsi başlasa, sözsüz ki, məğlub tərəf Ermənistan olacaq. Bu gün Sarkisyan hakimiyyəti daxili auditoriyanı müvəqqəti sakitləşdirmək üçün bir sıra vasitələrdən istifadə edə bilər, amma ermənilər onu göz önünə alsınlar ki, müharibə başlayacağı təqdirdə ölkəni tərk edəcək ilk insan prezidentləri  Serj Sarkisyan olacaq.”

Ceyhun Ələkbərov bildirib ki, işğal etdiyi Azərbaycan torpaqlarındakı təbii ehtiyatlardan əldə etdiyi gəlirlərdən, eləcə də xaricdən ayrılan müxtəlif ianələrdən əhalinin rifahı naminə yox, məhz öz şəxsi biznesi üçün istifadə edən Sarkisyan illərdir yığdıqlarını itirmək firkində deyil.  

“Ölümü gözləmək, ölümdən daha ağırdır deyirlər. Ermənistan əhalisi Sarkisyan rejimi ilə ölümü gözləməkdənsə işğalçı hakimiyyətə qarşı öz etiraz dirənişlərini davam etdirməlidir. Əks halda Sarkisyanın işğalçılıq siyasəti Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnəcək.” 

Şərhlər