Emin Hüseynov bu ölkədən siyasi sığınacaq istədi
02.07.2015 19:38 Siyasi reaksiya 1917
Hüquq müdafiəçisi Emin Hüseynov İsveçrədən siyasi sığınacaq istəyib.
ANS PRESS-in məlumatına görə, İsveçrədə olan Emin Hüseynov bu barədə “Rundschau” qəzetinə və SRF telekanalına müsahibəsində deyib.
Telekanal Emin Hüseynov haqqında reportaj hazırlayıb. Hüquq müdafiəçisi deyib ki, indiki vəziyyətdə ən düzgün addım İsveçrədən siyasi sığınacaq istəməkdir.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynov İsveçrənin Azərbaycandakı səfirliyinə sığınmışdı. O, Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsində Avropa Oyunlarının açılışı mərasimində iştirak etmək üçün Bakıya gələn İsveçrənin xarici işlər naziri Didye Burkhalterin müşayiəti ilə İsveçrə hökümətinə məxsus təyyarədə Azərbaycanı tərk etmişdi.
35 yaşlı hüquq müdafiyəçisi İsveçrənin Bern şəhərindədir və 2015-ci ilin sentyabrınadək İsveçrə və ya digər Avropa ölkəsindən vətəndaşlıq almaq və Azərbaycan vətəndaşlığından imtina etmək üçün sənədlər hazırlamalıdır.
Avropanın aparıcı media qurumlarının ona müraciyətlərinə baxmayaraq Emin Hüseynov müsahibə verməkdən imtina edirdi.
İsveçrənin xarici işlər naziri Didye Burkhalter
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sensasion açıqlama ilə çıxış edərək Emin Hüseynovun Azərbaycandan qanunsuz şəkildə, gizlicə qaçırıldığını bəyan etmişdi: "İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynovu uzun müddət gizlətdi. Ona verilən 1 milyon 500 min manat qrantın 160 min manatını vergiyə ödənilməli idi. Vergidən yayınma ağır cinayət hesab olunur. Bu maliyyənin bir hissəsini onu verən təşkilat mənimsəyib, müəyyən hissəsi də təyinatdan kənar, başqa istiqamətlərə-dövlət əleyhinə işlərin aparılmasına, kütləvi ixtişaşlara insanların cəlb edilməsinə xərclənib. Bu şəxsin izini itirməkdən ötrü neytral bir ölkənin-İsveçrənin səfirliyində saxladılar, sonra gizli yolla ölkədən apardılar. Emin Hüseynov siyasi baxışlarına görə təqib olunurdusa, İsveçrə ona siyasi sığınacaq verə bilərdi. Amma iqtisadi cinayət törədən şəxs səfirliyin binasında saxlanılırdısa, deməli, burada maraq başqa idi".
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov
Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciəti təmin olunmuşdu. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs qətimkan tədbiri humanitar əsaslarla ləğv edilmişdi və E.Hüseynovun müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilmişdi.
Emin Hüseynov haqqında hazırlanan reportajdan kadr
Şərhlər