Prezidentdən yeni mesajlar: “Xəzər dənizi sülh dənizi olmalıdır”
24.02.2016 21:17 Siyasi reaksiya 1051
Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) Azərbaycan-İran münasibətlərinə dair qısa mesajlar paylaşılıb.
Teleqraf.com-un məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edir və strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Prezident İlham Əliyev “Azərbaycanla İran arasında imzalanmış sənədlərin icrası iki ölkə arasında əlaqələri daha da gücləndirəcək” - deyə vurğulayıb.
Ölkə başçısı bildirib ki, Azərbaycanla İran Xəzərdə neft-qaz yataqlarının birgə işlənilməsi məsələsini müzakirə etmişlər və bununla bağlı yaxşı nəticələr gözlənilir: "Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır".
"Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi nəticəsində qitələr gözəl nəqliyyat infrastrukturu ilə birləşdiriləcəkdir" - deyən İ.Əliyev, Azərbaycan və İranın üçtərəfli formatlarda da fəal iştirak etdiklərini və bu formatların coğrafiyasının getdikcə genişlənəcəyini bildirib.
Dövlət başçısı “Azərbaycan və İran sülhün, əmin-amanlığın, əməkdaşlığın təmin olunmasını istəyir və bölgədə sabitləşdirici rol oynayırlar” - deyə qeyd edib.
Prezident bildirib ki, Azərbaycan ABŞ və Rusiya arasında Suriyada müharibənin dayandırılmasına dair razılaşmanı alqışlayır: "Suriyada vəziyyəti normallaşdırmaq üçün atəşkəs yaradılmalı, sülh bağlanmalı və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir. Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalı, bir-birinin işinə qarışmamalıdır. Bu halda müharibələr dayanacaq, qarşıdurmalar azalacaqdır".
Şərhlər