Leonid Kravets: - “Bizimlə olan polislərdən biri meyitlərə baxanda, başından güllələnmiş uşağını gördü”
25.02.2016 12:36 Siyasi reaksiya 1378
Reaksiya.info-nun APA-ya istinadən məlumatına görə, Gəncədə SSRİ ordusunda xidmət etdiyini deyən L. Kravets o vaxtkı hadisələrlə bağlı xatirələrini bölüşüb:
"Demək olar ki, hər gün Dağlıq Qarabağa səfər edirdik. 1991-ci ilin dekabrınadək dinc əhalini nisbətən təhlükəsiz yerlərə daşıyırdıq. Ekipajda 3 nəfər idik. Fevralın 27-də Gəncəyə qayıdarkən Xocalının şərqində 2 km hündürlükdə, dağın ətəyində rəngli paltarlar müşahidə etdim. Aşağı enərkən erməni təcavüzkarlarının sağ qalmış insanları güllələdiklərini gördük. Ermənilər bunu gördükdə, helikopterə atəş açdılar".
L. Kravets bildirib ki, sonra ekipaj Gəncəyə uçaraq rəhbərliyə raport verib: "Biz Sovet ordusuna tabe idik, komandanlığın əmrlərini icra edirdik. LakinXocalı hadisələri zamanı əmr gözləmədən oralara uçduq. Sonra o zamankı prezidentin köməkçisi Gəncəyə gəlib və xahiş edib ki, jurnalistləri həmin yerə aparsınlar. Biz təxminən faciənin baş verdiyi andan bir neçə saat sonra hadisə yerini görmüşdük. Azərbaycanda bu barədə heç kəs bilmirdi. Sonra Çingiz Mustafayev və iki nəfər köməkçi ilə hadisə yerinə getdik. 10 dəqiqə çəkiliş apara bildik. Çəkiliş qrupunda və bizdə qoruyucu jiletlər yox idi. Havaya qalxdıq, ermənilərin olduğu hərbi maşınların yaxınlaşdığını gördüm və çəkiliş qrupunu götürərək oradan uzaqlaşmalı oldum".
L. Kravets qeyd edib ki, vaxt azlığından böyük ərazini çəkmək mümkün olmayıb: "Ümumi mənzərəni ancaq havadan çəkmək mümkün idi, vəziyyət pis idi. Bu dəhşətli mənzərə idi. Ölənlər çox idi, meyitlər böyük əraziyə səpələnmişdilər. Bizimlə birlikdə iki polis əməkdaşı var idi. Hətta onlardan biri meyitlərə baxanda, başından güllə ilə vurulmuş uşağını gördü. Onu helikopterə güclə apardıq, dəli olmuşdu".
L. Kravets bildirib ki, Xocalı hadisələri ilə bağlı istənilən beynəlxalq məhkəmədə şahid qismində çıxış etməyə hazırdır. O həmçinin onunla birlikdə ekipajda olan iki nəfəri dəfələrlə axtardığını əlavə edib.
Şərhlər