Xocalıda ailəsini itirən qadının dəhşətli həyatı - VİDEO

26.02.2016 11:25     Siyasi reaksiya     1114

Bu gün Xocalı soyqırımının baş verməsindən 24 il ötür. Əsrin ən dəhşətli faciəsi kimi tarixə düşən Xocalı qətliamı 24 ildir ürəkağrısı ilə xatırlanır. O ağrı-acını yaşayan Xocalı sakinləri hələ də faciənin şokundan çıxa bilmirlər...

Dəhşətli fevral gecəsi 23 yaşı olan Kərimova Sevda Kamran qızı Xocalıda bütün ailəsini itirib. O, ailənin sağ qalan yeganə üzvüdür. 


- Əslimiz Dərələyəz mahalındandır. 1988- ci ildə Qərbi Azərbaycandan deportasiya olunduqdan sonra Xocalıya köçmüşdük. 

Atam müharibə veteranı olub. Ondan həmişə soruşurduq ki, “ay ata, müharibədə necə iştirak etdiniz, necə vuruşdunuz?”. O, bizə müharibədə gördüklərindən danışardı. Biz də maraqla oturub qulaq asardıq. Bilməzdik ki, başımıza bundan da dəhşətli faciələr gələcək...
Xocalıda hər şeyimi itirdim. 

Faciə baş verən ərəfədə gecə ilə gündüzü səhv salırdıq. Evin zirzəmisində gizlənirdim ki, heç olmasa mən sağ qalım. 

Soyqırımın baş verəcəyi ərəfədə xocalılar evlərini tərk edərək zirzəmilərdə gizlənirdilər. Onlar günlərlə soyuq zirzəmilərdə ac-susuz Ağdama keçmək üçün çıxış yolu axtarırdılar. 

-Günümüzü zirzəmilərdə oturmaqla keçirirdik. Televizor yox, işıq yox, nə qədər eyni sözü təkrar edib, danışmaq olardı...

Bir zirzəmidə 30-40 nəfər gizlənirdi...

Fevralın 25-də gecə bütün şəhəri işıq bürüdü. Zirzəmidən həyətə çıxanda gördüm ki, hərə bir tərəfə qaçır. Şəhərdən vahiməli səslər gəlirdi.

Həmin gecə hərbçi qardaşım Soltan evdə idi, o biri qardaşım Firuz isə polis olduğu üçün şöbədə növbətçi qalmışdı. Onun bizdən xəbəri yox idi.



Anam, qardaşım, qardaşımın arvadı və mən camaata qoşulub meşəyə getmək üçün yola çıxdıq. Yolda atamı mağazanın qarşısında yaralı tapdıq. Onu evimizdən çıxıb zirzəmiyə gələndə kürəyindən vurmuşdular. Atam qan içində idi, yalvarırdı ki, məni ölməyə qoymayın.
Anam da yaralanmışdı, onun qolunu şalla bağladım. Qardaşım atamın, mən isə anamın qoluna girərək Ağdama doğra yola çıxdıq. Ermənilər qardaşım Soltanı axtarırdılar. Deyirdilər ki, bizə Soltan bəyin başı lazımdır. 

Qarlı, şaxtalı havada ac-susuz qalan, yaralı xocalılar ölümdən yaxa qurtarmaq üçün meşəni keçib Ağdama çatmağa çalışırdılar.

- Bütün gecə yol getdik. Ac-susuz yol getmək zülüm idi. Qardaşımın arvadı və 7 yaşlı qızını meşədə itirdik. Onları tapa bilmirdik, məcburən onlarsız yolumuza davam etdik. 

Səhər açılanda Naxçivanikdə ermənilər yolumuzu kəsdilər. Leytenant qardaşım Soltan dedi ki, Sevda sən qaç, ermənilər səni əsir götürəcəklər, mən anamla atamı gətirəcəyəm. Əgər qaçmasan, səni özüm öldürəcəm. Məcbur olub, ayrı dəstəyə qoşuldum. Biz Qərbi Azərbaycandan gəldiyimizdən oraların meşəsini, yolunu xocalılar kimi yaxşı tanımırdıq.

Getdikcə ermənilər bizə yaxınlaşırdılar. Kolların arasında gizləndik ki, bizi görməsinlər. 

Baxdım ki, ermənilər qardaşımın arvadını və qızını tutub aparırlar. Səsimizi çıxarmadıq ki, bizi də görsələr aparacaqlar. 

Ayaqqabılarım meşədə kollara ilişib ayağımdan çıxmışdı deyə ayaqyalın qalmışdım. Bu məqamda Elman Məmmədovun (Xocalının indiki deputatı-red) xalası Ürzə xalanın qolunda bir cüt ayaqqabı gördüm. Dedim Ürzə xala, bu ayaqqabılar kimindir? Dedi, yoldaşımındır, Qulunu öldürdülər, ayaqqabılarını götürdüm. 
Soruşdum ki, Ürzə xala ayaqyalınam o ayaqqabıları mənə verə bilərsən? Dedi, niyə vermirəm ki. 

Artıq Ağdamın axırıncı postuna çatmışdıq. Bir də gördüm ki, kimsə Azərbaycan dilində bizi çağırır. Deyirlər, gəlin-gəlin qorxmayın. Elə bildik ki, azərbaycanlılardır. Sən demə, ermənilər imiş. Bir çox xocalı sakini onlara aldanıb, gizləndikləri yerlərdən çıxdılar. 
Anamın əmisi oğlunu, əmisi gəlinini gözümüzün qabağında güllələdilər. 21 yaşında oğlununun isə qolun kəsdilər. 

Xocalıların artıq ümidi kəsilmişdi. Hara gedəcəklərini, nə edəcəklərini, soyuqdan və aclıqdan ağlayan körpələrini necə sakitləşdirəcəklərini bilmirdilər. 

-Meşədən birdən yenə azərbaycanıların səsi gəldi. Dedilər ki, hardasınızsa, koldan, kosdan çıxın. Əmin olduq ki, onlar erməni deyillər, azərbaycanlılardır. Bundan sonra gizləndiyimiz yerlərdən çıxıb, onlara tərəf qaçdıq. Onlar AMON-çular idi. 

Ağdamda gah məscidə, gah qərargaha, gah da xəstəxanaya qaçırdıq. Yaralıları, meyitləri axtarırdıq. 

Mart ayının 21-nə kimi qərargahda, xəstəxanalarda , valideyinlərimi və qardaşlarımı axtardım. 

Sonra anamın, atamın, bir də qardaşım Firuzun meyiti Ağdama gətirildi. Onların üçünü də Mingəçevirdə dəfn etdik. 



Xocalıda faciə şahidi olan uşaqların çoxu qorxudan xəstəlik tapdı. O uşaqlar 30 yaşına çatıb, hələ də stress yaşayırlar. Nə qədər uşağın ağzını anası əli ilə tuturdu ki, ağlamasın, səsləri eşidilməsin.

Hazırda ailəm 3 nəfərdən, qızım və oğlumdan ibarətdir. Atam bizə iştirak etdiyi müharibədən danışdığı kimi, mən də onlara yaşadığım faciədən danışıram. Onlar haq dünyasındadırlar, mən isə 24 ildir hər gün ölürəm...

 

(Azvision.az)

Şərhlər

Çox oxunanlar