“Qarğaların sakin olduğu məkan...” - Xocalı soyqırımı dünyanın gözü ilə

26.02.2016 12:35     Siyasi reaksiya     1010

“Xocalı insan məskəninə deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi”.
Bu barədə ABŞ-dan olan yazıçı-publisist, Xocalı haqqında həqiqəti ilk dəfə Qərb dünyasına çatdıranlardan olan Tomas Qolts qeydlərində yazır.



Reaksiya.info Publika.az-a istinadən soyqırımın 24-cü ildönümündə Xocalıdakı qətliam haqda xarici jurnalistlər və müşahidəçilərin 1992-ci ildə bəhs etdiklərini təqdim edir.



Amerikalı yazıçı Tomas Qolts qeydlərində yazırdı: “Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək təkcə vertolyotla mümkün idi. Ermənilər Ağdama gedən yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir hadisənin baş verdiyi məlum idi. Vaxt itirmədən Londonun “İndependent” nəşrinin əməkdaşı Xyu Poupla Ağdama yola düşdük. Sonuncu dəfə ora Əliflə getmişdik. O deyirdi ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir  işğal ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı qalıb ki, onların  da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət istəsə, Ağdama gedən yolu bir gündə açar. Eşitdiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək fevralın 25-i gecəsi Xocalı şəhərini Yer üzündən silib, yüzlərlə insanı qətlə yetiriblər. Sağ  qalanların  üz-gözləri  cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri çıxmırdı. Raziyə Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər, qızı isə itkin düşüb”.



Amerikalı yazar Xocalıda öldürülənləri bildirçin ovuna bənzədirdi. Yazırdı ki, min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdi: “Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəninə deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, ola bilməzdi, belə şey qeyri-mümkün idi. Amma bir qədər araşdırdıqdan sonra həqiqətən də ölənlərin sayı ilə bağlı təxminimizdə yanılmadığımızı anladıq. “Röyters”in müxbiri Elif Kaban gördüklərindən çox sarsılmışdı, o, sanki ağılını itirmişdi. Həyat yoldaşım Hicran iflic olmuşdu. Fotoqraf Oleq Litvin sadəcə susmuşdu, huşsuz adamlar kimi gəzirdi. Dəhşətli şeylər danışırdılar. Meyitlərin başlarının dərisi soyulmuş, əzaları, qıçları, qolları kəsilmişdi. Dəhşət idi”.



Xocalıda baş verənlərin şahidi olmuş İngiltərənin “Fant Men News” telekanalının əməkdaşı R. Patrik daha sonra deyirdi: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.

Xocalıdakı dəhşətlər haqqında Parisdə dərc olunan “Krua Eveneman”  jurnalı yazırdı: “Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”.



“Sandi Tayms” qəzeti “Erməni əsgərlər minlərlə ailəni məhv ediblər”,
“Faynenşl Tayms” isə “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələyiblər. Azərbaycanlılar 1200-ə qədər cəsəd sayıblar” deyə yazırdı.



“Tayms” (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb”.



“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü”.



“Le Mond” (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görüblər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.



“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.



“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdir. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər”.



Livanlı kinooperator təsdiq edirdi ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.



Jurnalist Yuri Poleneyev isə “Qarabağ qan girdabında” kitabında yazırdı: “Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci  ilin  fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı”.



Bunlar azərbaycanlıların deyil, azərbaycanlı olmayanların, kənardan, dünyanın müxtəlif ölkəsindən, müxtəlif təşkilatından olan insanların dedikləri həqiqətlərdir...

Şərhlər

Çox oxunanlar