"Növbəti stansiya, XOCALI" - Soyqırımı kadrlarını çəkən operatordan TƏKLİF

26.02.2016 16:09     Siyasi reaksiya     1192

Xocalı soyqırımını 24 il öncə ilk dəfə lentə almış operatorlardan biri Şakir Eminbəyli maraqlı təşəbbüslə çıxış edib. O, hazırda Bakıda tikilən metro stansiyalarından birinə “Xocalı”adının verilməsini təklif edib.

Reaksiya.info  Modern.az-a istinadən xəbər verir ki, Ş.Eminbəyli Xocalı soyqırımının bir an belə unudulmaması üçün bu təklifi vacib hesab etdiyini vurğulayıb:

“Yenə 26 ferval, yenə ahu-nalə, yenə "tədbirlər", yenə xatirələr...
Yenə Xocalıdan sağ çıxanlarla, faciəni yaşayanlarla görüşlər, müsahibələr... 
İllər boyu ildə bir dəfə özümüzü özümüzə göstərmək, özümüzə mənasız təsəlli vermək həvəsi hardandı bizdə? 
Kim və nə vaxt soxub qısa yaddaşlı olmağı bizim içimizə? Bilmirəm.
Hörmətli Hökümət, partiya və rəhbərlik! 
Yaxın gələcəkdə açılacaq metro stansiyalarından birinə "XOCALI" stansiyası adını verin! "NÖVBƏTİ STANSİYA - XOCALI" cümləsini ildə bir gün yox, 365 gün eşidən vətəndaşın yaddaşı daha möhkəm olar...”,-deyə o bildirib.

24 il öncə Azərbaycanı sarsıdan Xocalı faciəsini  dünyaya məhz stringerlər, yəni hərbi reportyorlar tanıtdılar. Bu gün Xocalıda baş verənlərin soyqırım olduğunu həmin reportyorların çəkdiyi görüntülər təsdiqləyir.

Milli Qəhrəman Çingiz Mustafayevi bu gün, bəlkə də, tanımayan yoxdur. Onun çəkdiyi kadrlardan biz Xocalıda baş verən cinayətin real şahidi olduq. Amma çəkiliş meydanında, cəbhədə Çingiz tək olmayıb. Çingizin özünü orada məhz Şakir Eminbəyli lentə alıb.

Şakir Emibəyli Qarabağ müharibəsində çəkiliş apararkən 22 yaşında idi. Şakir Eminbəyli Xocalı ilə yanaşı, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Goranboy, Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdən də kadrlar lentə alıb. 

Şərhlər

Çox oxunanlar