“Onlara yazığım gəlir” - AÇIQLAMA

01.03.2016 13:45     Siyasi reaksiya     1252

Ali Məhkəmənin sabiq sədri, deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli AXC hakimiyyəti dövründə baş nazir işləyən Pənah Hüseynə və başqa şəxslərə müraciət edərək münasibətlərdə etik davranış qaydalarına əməl etməyə çağırıb. Millət vəkili barəsində səslənən ittihamlara da cavab verib.

   T.Kərimli deyib ki, jurnalist ondan Xocalı və Qarabağ münaqişəsinə dair suallar verib, o da buna cavab verib:"Əgər mənim sözüm doğru deyildisə, buna arqumentlə cavab vermək lazım idi. Yoxsa, mənə küçə leksikonu ilə cavab vermək, sosial şəbəkələrdə təhqir etdirmək onu göstərir ki, vaxtilə AXC hakimiyyətində təmsil olunan şəxslər haqqında deyilənlər doğru olub. Bildiyiniz kimi, vaxtilə onlar haqqında "səriştəsiz, bacarıqsız, küçədən gəlmə insanlar" deyilirdi. Açığı, bu, hər zaman məndə pis təəssürat yaradırdı. Ancaq görünən budur ki, Pənah Hüseynin danışıq tərzi, bir çoxlarının barəmdə işlətdiyi təhqiramiz ifadələr sübut edir ki, o ifadələrin əsasları var. Normalda uduzan adam gərək cığallıq etməsin. Əgər iradəsi çatırsa, bunu etiraf etsin. Əlbəttə, bunun üçün siyasətdə iradə və obyektivlik şərtdir. Bu isə çox siyasətçidə olmur. Aydındır ki, onlar xalq arasında nüfuzlarını itirib, sosial bazadan mərhum olub, tamamilə sıradan çıxıblar. Çayda batan saman çöpündən yapışan kimi bunlar da arqumentsiz, bəzən əxlaq davranışından uzaq olan fikirlərdən yapışırlar. Buna görə onlara yazığım gəlir".

T.Kərimli Pənah Hüseynlə münasibətlərinə də aydınlıq gətirib: "Mən şəxsi maraqlar naminə hakimiyyətə gəlmək niyyətində olmamışam. İşlədiyim müddətdə qanunun şah olmasını vacib saymışam. Yaxın qohumum Ali Məhkəməyə gəlib qəbuluma düşmək istəsə də, onu qəbul etməmişəm, demişəm ki, qohumumdursa, gələr evimə. Çünki dövlət aparatı başqa institutdur. Bu mənada kimin mənimlə münasibətlərinin yaxşı və ya pis olmasına ciddi fikir verməmişəm. Pənah Hüseyn baş nazir olduğu dönəmdə müəyyən qərarlar qəbul etmişdi. O zaman Konstitusiya Məhkəməsi olmadığı üçün Ali Məhkəmə presedent hüququndan istifadə edərək rayon məhkəmələrinə, icra qurumlarına bildirmişdi ki, baş nazirin qəbul etdiyi qərarlar konstitusiyaya ziddir. Ola bilsin ki, bu məqama görə Pənah Hüseyn incik qalıb, indi büruzə verir. Ancaq onun özü də etiraf edə bilər ki, mən şəffaf işləmişəm və rüşvətdən kənar olmuşam".

Vəhdət sədri qeyd edir ki, Xocalı faciəsi zamanı AXC hakimiyyətdə olmayıb, müxalif qüvvə olaraq çıxış edib: "AXC müxalifətdə ciddi qüvvə idi. Mən isə həmin vaxt hakimiyyətdə olan qüvvəni tənqid etmişəm. Eləcə də AXC-nin buraxdığı səhvləri qeyd etmişəm. Ancaq Pənah Hüseyn küçə tərzində danışır. AXC iqtidarı zamanı fərqli fikirlərə sahib idim, müxalif fikirlərimi deyirdim. Xüsusilə, siyasi, hüquqi və iqtisadi islahatların keçirilməsini tələb edirdim. Özüm layihələrlə çıxış edirdim. Sonra layihəmə veto qoydular, rədd etdilər. Həmin zaman mən qanuna əməl olunmasının tərəfdarı idim. Konkret olaraq qanundan kənar pul toplanması, ləl-cəvahirat fondunun yaradılmasına qarşı çıxırdım. Varlı insanlardan qanundan kənar hər hansı vəsaitin istənilməsinə qarşı idim. Çünki burada subyektiv yanaşma ola bilərdi. Kimsə daha çox pul toplayıb büdcəyə daha az vəsait ödəyə bilərdi. Ola bilsin ki, indi bu məqamlar onların yadında düşüb deyə, məni qaralamağa çalışırlar". 

Şərhlər

Çox oxunanlar