170 min dollarlıq rüşvət qalmaqalının baş verdiyi komitə ilə bağlı - İLGİNC İDDİALAR

01.03.2016 18:29     Siyasi reaksiya     923

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nazirliyə çevrilə bilər. Bu barədə Qaynar.info-ya adının çəkilməsini istəməyən mənbə bildirib.
 
Mənbənin sözlərinə görə, ötən il fevralın 18-də Azərbaycan hökumətinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya dair V Dövri Hesabatı dinlənilərkən Azərbaycan hökumətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi və səlahiyyətlərinin artırılması təklif olunub. “Həmin vaxt adıçəkilən komitə rəhbərliyi ümid edirdi ki, hökumət bu təklifi qısa vaxtda müsbət dəyərləndirəcək. Amma ölkədə baş verən iqtisadi böhran və bunun nəticəsində hökumətdə ciddi struktur islahatlarına başlanılması zərurətinin meydana çıxması həmin gözləntinin reallığa çevrilməsinə mane oldu” deyə mənbəmiz bildirib.
 
Bununla belə, sözügedən təklifin tamamilə gündəmdən çıxarılmadığını deyən qaynağımız, Azərbaycanda ilkin olaraq adı “Ailə və Sosial İnkişaf” kimi müəyyənləşdirilən yeni nazirliyin yaradılmasına dair müzakirələrin davam etdiyini və müsbət istiqamətdə yekunlaşmaq üzrə olduğunu deyib. Nazirlik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsasında yaradılmalıdır.     
 
Vurğulamaq yerinə düşər ki, son vaxtlar KİV-də bu komitənin ləğv ediləcəyinə dair məlumatlar dolaşır. Amma göründüyü kimi, bizim xəbərdə söhbət hər hansı ləğvetmədən yox, komitənin nazirliyə çevrilməsindən gedir. Bu iddia rellaşarsa yeni yaranacaq quruma Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın deyil, tamamilə başqa şəxsin təyin olunacağı da iddialar arasındadır. Bunun da səbəbi var. 
 
Məsələ burasındadır ki, son günlər bu komitənin və onun sədrinin adı rüşvət qalmaqalında hallanır. Belə ki, qurumun keçmiş aparat rəhbəri Səfər İmanov dələduzluqda ittiham olunur. Vəkil Adəm Məmmədov S. İmanovun vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını bildirib.
 
Vəkil S. İmanovun bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyini də deyib.
 
E. Kərimov isə mətbuata açıqlamasında rüşvət qalmaqalında komitə sədri Hicran Hüseynovanın adını hallandırıb. 
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitəsindən bildirilib ki, Komitənin sabiq Aparat rəhbəri S. İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.
 
5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
 
Onu da deyək ki, Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bir müddət sonra ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
 
Quruma 2006-cı ilin fevralından Hicran Hüseynova rəhbərlik edir.

Şərhlər

Çox oxunanlar