İlham Əliyev yeni Qaydanı təsdiq etdi
02.03.2016 17:35 Siyasi reaksiya 1025
Prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb.
Reaksiya.info Oxu.Az-a istinadən xəbər verir ki, fərmanla “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilib.
Qeyd olunur ki, bu Qayda cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla birgə həyata keçirilmiş “Cəmiyyət dəstəkli polis” layihəsinin davamı olaraq hazırlanmışdır və vətəndaşların ictimai asayişin qorunmasında iştirakı, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsi qaydalarını müəyyən edir.
İctimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır
Xüsusilə vurğulanır ki, vətəndaşların ictimai asayişin qorunmasında iştirakı digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır
İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar özlərini polis orqanlarının vəzifəli şəxsi kimi təqdim edə, habelə bu Qaydada nəzərdə tutulmuş fəaliyyəti ictimai asayişin təmini ilə bağlı olmayan məqsədlərlə həyata keçirə bilməzlər.
Vətəndaşların polis orqanları ilə əməkdaşlığı (polisə ictimai dəstək) onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur. Polis orqanları ilə əməkdaşlıq edən vətəndaşlar ictimai asayişin qorunması ilə bağlı aşağıdakı tədbirləri həyata keçirə bilərlər:
- hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək;
- insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq;
- ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək;
- ictimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;
- əhalinin hüquqi maarifləndirilməsində iştirak etmək;
- qanunvericiliyə zidd olmayan digər tədbirlər həyata keçirmək.
Şərhlər