BMT yanında nümayəndəlik: "Dağlıq Qarabağ münaqişəsində bütün itkilərin yeganə səbəbi Azərbaycanın ərazilərinin işğalıdır"
03.03.2016 10:09 Siyasi reaksiya 1042
“20 ildən çoxdur Azərbaycan və Ermənistan arasında beynəlxalq silahlı münaqişə gedir”.
APA-nın məlumatına görə, bu barədə 1 mart tarixində BMT İnsan Hüquqları Şurasının 31-ci sessiyasının yüksək səviyyəli seqmenti zamanı Ermənistanın xarici işlər nazirinin çıxışına cavab olaraq Azərbaycan nümayəndə heyətinin üzvünün çıxışında deyilib. Çıxışda bildirilib ki, münaqişə zamanı hər iki tərəfdən çoxsaylı itkilər olub: “Bütün bu itkilərin yeganə səbəbi Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun Ermənistan Respublikası tərəfindən hərbi işğalıdır. Yaxşı məlum olduğu kimi, bir ölkənin başqa bir ölkənin ərazisini qanunsuz işğal etmək üçün güc tətbiq etdiyi və münaqişəni sülh yolu ilə həll etmək barədə beynəlxalq öhdəliklərə məhəl qoymadığı halda Ermənistanın özünü qurban ölkə elan etməsi və Azərbaycanın güc tətbiq etməməyə dair öhdəlikləri yerinə yetirməməsi barədə iddiaları gərəksizdir.
Bu cür iddialar işğalçı tərəfindən yaradılmış hazırkı vəziyyətin qanuniləşdirilməsini qaçılmaz etməklə yanaşı, qeyri-qanuni işğal nəticəsində əldə olunan nəzarətin qorunub saxlanmasına xidmət edir, ədalətin qələbə çalması əvəzinə cəzasızlığı təşviq edir. 1992-ci ildə Ermənistan tərəfindən kobud şəkildə pozulmuş güc tətbiq etməmək barədə prinsiplər BMT TŞ-nin hələ də yerinə yetirilməyən 4 qətnaməsində göstərildiyi kimi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağvə digər rayonlarından tam çıxarılması ilə qüvvəyə düşməlidir. Bu, münaqişənin yeganə həll yoludur”.
Şərhlər