Azərbaycan və Rusiya arasında silah qalmaqalı
03.03.2016 16:31 Siyasi reaksiya 1342
"Rəsmi Moskva silah satışı ilə bağlı müqavilənin şərtlərinə əməl etmir."
Rusiya baş nazirinin müavini Dmitri Roqozinin “əvvəlcədən planlaşdırılmayan” səfərlə Bakıya gəlməsi Azərbaycan və Rusiya arasında silah alış - verişi sahəsində bəzi problemlərin olduğunu ortaya çıxarır. ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı Roqozinin səfərində də əsas müzakirə mövzusunun silah satışı ilə bağlı müqavilə şərtlərinin olacağını yazırlar.
Rusiyanın “Kommersant” qəzeti iddia edir ki, rəsmi Bakı neft qiymətlərinin düşməsinə görə bir neçə il əvvəl bağlanmış müqavilələrlə şərtlərini yerinə yetirə bilmir. Qəzetin məlumatına görə, Roqozinin Bakıya qəfil səfərində əsas məqsəd bu problemi həll etməkdir.
“Çünki sifariş edilmiş hərbi texnika istehsal edilib, çatdırılıb. Amma hələ ki, boşaldılması üçün limanlarda gözlədilir”,- deyə “Kommersant” qəzetinə öz mənbələrindən bildirilib.
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, çox ehtimal ki, silahların limanlarda saxlanılması Rusiyanın müqavilə şərtlərini pozması ilə əlaqədardır.
“Ola bilsin ki, Azərbaycan Rusiyadan aldığı silahların, Ermənistanaverilməməsi şərtini qoyub. Həmçinin problem silahın sayı ilə bağlı ola bilər. Rusiya ümumi müqavilə şərtlərini pozub. Əslində isə Rusiya Azərbaycana satdığı silahları göndərib amma rəsmi Bakı bu hərbi – texnikanı qəbul etmir. Yəqin ki, Roqozin bu səbəbdən Bakıya təcili səfərə gəlib”,-deyə Üzeyr Cəfərov bildirdi.
Onun sözlərinə görə, maliyyə vəsaitinin çatışmaması ilə bağlı yazılanlar isə Rusiya tərəfinin bəhanəsi ola bilər.
“Çünki Azərbaycanın silah alması üçün yetəri qədər vəsaiti var. Həmçinin prezident İlham Əliyevin təsdiqlədiyi yeni dövlət büdcəsində hərbi xərclər 300 milyon dollar artırılıb. 2016-cı ilin ilkin büdcəsində 2 milyarda manata yaxın vəsait nəzərdə tutulmuşdu. Bundan başqa Silahlı Qüvvələrə Yardım Fondu var. Əgər maliyyə çətinliyi olarsa, Azərbaycan fonddakı pullardan rahatlıqla istifadə edə bilər”,-deyə hərbi ekspert qeyd etdi.
Məlumdur ki, Rusiya Ermənistan silah alması üçün 200 milyon dollar kredit ayırıb. Bu hadisədən sonra Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyevə zəng vurub. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyovun sözlərinə görə, Ermənistana kredit adı altında müftə silahların verilməsi məsələsi Roqozinin Bakı səfərinin əsas müzakirə mövzularından biri ola bilər. “Rusiyanın Ermənistan silah alması üçün kredit verməsi Azərbaycanı narazı salıb. Bu isə Azərbaycan və Rusiya arasında hərbi sənaye sahəsində əməkdəşlığında problemlər yarada bilər. Yəqin ki, Rusiya rəsmisinin Azərbaycana səfəri zamanı bu məsələlər müzakirə olunacaq”,-deyə millət vəkili bildirdi.
Azərbaycan Rusiya ilə yanaşı Türkiyə, İsrail, Pakistan, Ruminiya, Belarus, Cənubi Afrika Respubilikası və Ukraynadan silah alır. İndiyə qədər Azərbaycanın silah alışı ilə bağlı hər hansı maliyyə çətinliyinin olması barədə rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.
Amma fevral ayında açıqlanan dünyanın ən güclü ordularının reytinq siyahısında Azərbaycan 64-cü yerdə qərarlaşıb. Bu hərbi gücün indeksi “Global Firepower” portalının mütəxəssislərinin tədqiqatlarına əsaslandırılıb.
Hərbi gücü müəyyənləşdirən ekspertlərin rəyinə görə, Ermənilər siyahıda 74-cü yerdə qərarlaşıb. Digər qonşumuz Gürcüstan reytinqdə 75-ci yerdədir. Bununla da Azərbaycan dünyanın bir çox güclü dövlətlərinin hərbi sahədə qabaqlayır. Bütün bunlara baxmayaraq, Rusiya mətbuatında Azərbaycanın silah alışı ilə bağlı maliyyə çətinliyi olduğu barədə yazılar dərc edilir. Həmçinin Rusiya rəsmisinin Azərbaycan səfəri bununla əlaqələndirilir. Amma yəqin ki, Rusiya tərəfi belə məlumatlarla Ermənistana silah alışı məqsədi ilə verdiyi kreditlər ətrafında yaranan narazılıqlardan fikir yayındırmaq istəyir. Çünki xəbərin mənbəyi barədə açıqlama verilimir. Bu isə deməyə əsas verir ki, Roqozinin səfəri ərəfəsində belə məlumatlar məqsədli şəkildə yayılır.
Şərhlər