“Roqozini Bakıya Putin göndərib, pul söhbəti təxribatdır...”

03.03.2016 17:53     Siyasi reaksiya     1039

Rusiya baş nazirinin müavini, hərbi-sənayeni kurasiya edən Dmitri Roqozinin ötən gecə Bakıya guya Azərbaycanın aldığı silahlara görə ödəmələri gecikdirməsinə görə gəlməsi haqda “Kommersant”ın yazdıqları iki ölkə münasibətlərinə qarşı təxribatdır. Reaksiya.info xəbər verir ki, bu haqda rusiyalı siyasi analitik Oleq Kuznetsov vesti.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, Roqozinin Bakıya pul dalınca gəlməsi haqda irəl sürülən iddia sərsəmləmədir. Ən azından ona görə ki, qəzet guya hansısa silahların və hərbi texnikanın gəmilərə yüklənərək sifarişçiyə göndərildiyini, ancaq pulu ödənilmədiyindn gəmilərin limanda boşaldılamış qaldığını yazır.

“Hamıya bəllidir ki, hansısa yükü daşımaq üçün gəmilər müəyyən müddətə fraxt olunur, gecikməyə görə yükü göndərən hər gün əlavə haqq ödəməlidir. Hətta Bakı silahlara görə Moskvaya hansısa məbləği borclu qalıbsa nə dərəcədə ağlabatandır ki, Rusiya tərəfi gəmiləri limanda saxlayıb əlavə pul ödəsin? Mən tam əminəm ki, Dmitri Roqozinin Bakıya səfəri Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında ötən həftə baş tutan iki telefon danışığı zamanı razılaşdırılıb”-ekspert deyib.

Xatırladaq ki, ötən həftə Azərbaycan və Rusiya prezidentləri arasında iki gün dalbadal telefon danışıqları olub. Bu telefon danışıqlarının ardınca Azərbaycan prezidenti yenicə səfərdən qayıtdığı Tehrana zəng vurub, prezident Həsən Ruhani ilə danışıb. İran tərəfi bildirib ki, telefon söhbətində Azərbaycan, İran və Rusiya dəmiryollarını birləşdirən “Şimal-Cənub” dəhlizi layihəsinin ilin sonuna qədər tamamlanması, ticarət və tranzit sahəsində üçtərəfli əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Virtualaz.org qeyd edir ki, Əliyev-Putin telefon danışıqlarının mövzularından birinin də hərbi-texniki sahədə Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi ola bilərdi. Çünki bu telefon danışıqları həm də Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana Azərbaycanla balansı saxlamaq üçün silah və hərbi texnika satışını açıqlamasından sonraya təsadüf edib. Ehtimal edilir ki, Azərbaycan Rusiyadan yeni müasir silahlar və hərbi texnika almaq, bununla da Ermənistan üzərində əzici hərbi üstünlüyü qoruyub saxlamaq niyyətindədir.

Şərhlər

Çox oxunanlar