Dilqəmin ailəsi yenidən Putinə müraciət edəcək

04.03.2016 16:17     Siyasi reaksiya     893

Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun ailəsi yenidən Rusiya prezidenti Vladimir Putinə müraciət edəcək.


Reaksiya.info xəbər verir ki, bu barədə AzVision.az-a girovun qardaşı Sahib Musayev bildirib. Onun sözlərinə görə, müraciət Rusiyanın Bakıdakı səfirliyinə təqdim olunacaq.

“Hər şeyin açarı Rusiya prezidenti Vladimir Putinin əlindədir. Qardaşım Rusiya vətəndaşı olduğu üçün, Putin onun hüquqlarını müdafiə etmək üçün addım atmalıdır. Putin istəsə, Dilqəmi bir dəqiqəyə azadlığa buraxdırar. Biz bundan öncə də Rusiya rəhbərliyinə müraciət etmişdik. Amma bir faydası olmayıb.

Amma biz ümidimizi üzmürük. Yenidən Putinə müraciət etmək niyyətindəyik. Müraciət üçün Rusiyanın Azərbaycandakı səfirliyinə gedəcəyəm”,-deyə S.Musayev vurğulayıb.

Girovun qardaşı Rusiyanın ölkəmizdəki səfiri Vladimir Daroxinlə görüşmək istədiyini söyləyib: “Səfirlə görüşüb, ona şikayətlərimizi çatdırmaq istəyirik. Amma müraciətimizə baxan yoxdur. Mən şəxsən bir müddət öncə Rusiyanın Azərbaycandakı səfirliyində olmuşam. Qardaşımla telefonla danışmaq üçün müraciət etmişdim. Müraciətimə cavab veriliməyib”.

Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

Qanunsuz “məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Şərhlər

Çox oxunanlar