Prezidentdən məmurlara islahat dərsi

04.03.2016 21:13     Siyasi reaksiya     1216

Bəzi İH başçılarının işdən çıxarılması sistem xarakterli islahatlar prosesinin tərkib hissəsidir.

Ölkə başçısı tərəfindən bir sıra rayonlarının icra hakimiyyəti başçılarının işdən azad edilməsi son aylarda aparılan struktur islahatlarının davamıdır.

Millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ANS PRESS-ə müsahibəsində bunu sistem xarakterli islahatlar prosesinin tərkib hissəsi kimi dəyərləndirib. Millət vəkilinin fikrincə, ölkə başçısı MTN, RİTN və başqa qurumlarda aparılmış islahatların məntiqi davamı kimi bəzi rayonların icra hakimiyyətlərinin başçılarını da dəyişir: “Vəzifələrə xalqa və dövlətə təmənnasız xidmət edən, dövrün çağırışlarına cavab verməyi bacaran adamlar gətirilməlidir”.

Yəni məsələ aydındır. Rayon icra hakimiyyəti başçıları öz davranışları ilə ictimaiyyətə nümunə olmalıdırlar. Həmçinin rayonlarda kiçik və orta biznesin inkişafına dəstək verməli, sahikarlıq subyektləri şərati yaratmalıdır. 

Amma təəssüflə qeyd etmək lazımdır ki, işdən çıxarılan bəzi məmurlar bu keyfiyyətlərə cavab vermirdilər. Bəziləri hətta mətbuatın gündəmini Şimali Koreya lideri Kim Çen Ina xas  olan xəbərlərlə zəbt etmişdilər. Məsələn, Salyan rayon İcra Hakimiyyətinin bu gün işdən çıxarılmış keçmiş başçısı Tahir Kərimov iyirmiyə yaxın məktəblinin «zorən könüllü» yaratdığı gül xiyabanından keçməklə sosial medianın baş xəbərinə çevrilmişdi.  İcra hakimiyyətinin bu addımı hətta stalinçi sovet reciminin inzibati amirliyindən çıxmış insanların belə təəccübünə səbəb olmuşdu və bir anlığa feodal dərəbəylik dövrünü xatırlatmışdı.

Tahir Kərimov - Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı
Tahir Kərimov - Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı

Cəbrayıl rayon İcra Hakimiyyətinin dünən işdən çıxarılmış keçmiş başçısı Mahmud Quliyev isə yanvar ayında sosial şəbəkədə videosu ilə «məşhurlaşmışdı». Mahmud Quliyev şikayətə gəlmiş vətəndaşı ata söyüşü ilə təhqir etmişdi. Daha sonra özünə bəraət qazandırmağa çalışan sabiq İH başçısı həmin şikayətçinin qohumu olduğunu, buna görə də onu söymyə ərki çatdığını bildirmişdi. Amma anlaya bilməmişdi ki, həmin vəzifədə ol tayfasını və ya mənsub olduğu ailəni deyil, Azərbaycan dövlətini təmsil edir. Dövlətin təmsilçisi  isə vətəndaşı söyə bilməz. Çünki o, vətəndaşın ödədiyi vergilərdən, o vətəndaşların hamısına məxsus olan yeraltı sərvətlərin hesabına formalaşan büdcədən maaş alır ki, pulu ona verən vətəndaşlara qulluq etsin.

Çox təəssüf ki, Mahmud Quliyev kimi bəzi İH başçıları bu gerçəyi anlamaqda çətinlik çəkirlər. Sakinlərdən ANS PRESS-ə gələn şikayətlər göstərir ki, bu cür düşünən bir sıra İH başçıları da vəzifələri ilə vidalaşmalıdırlar. Bəzi rayonlarda yerli icra nümayəndələrini hər gün saatlarla mənasız iclaslarda saxlayan, yerli  bələdiyyələrə ayrılmış vəsaitləri təyinatdan kənar xərclədən, örüşləri özbaşına tutaraq əyləncə məkanlarına çevirən. Məmurlardan mütəmadi olaraq kütləvi şəkildə işdən çıxma ərizəsi alan və sonra kefi istədiyini işə qaytaran  İH başçıları hələ də iş başındadır. 

Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyev
Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyev

İnşallah, bu rayonların sakinləri də boğazlarına kal armud kimi keçmiş bu yaramazlardan xilas olacaqlar. Bunun üçün millət olaraq çox çalışmalıyıq, bəlkə də məmurları konfutsi təlimlərindən imtahanla işə götürən çinlilər kimi dövlət qulluğuna götürülənlər üçün əlahiddə sınaqlar tətbiq etməliyik. Əks halda çinlilərimiz gənc Azərbaycanın da Çin kimi əbədi dövlətə çevrilməsin mane olacaqlar.  Bu bəladan xilas olmaq üçün elliklə səy göstərməliyik.

 

Şərhlər

Çox oxunanlar