Qərbin Moskvada Qarabağla bağlı məxfi toplantısı - Kazimirov sirləri açır

07.03.2016 11:14     Siyasi reaksiya     1022

1996-cı ilə qədər ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Vladimir Kazimirov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini açıqlayıb. O, beynəlxalq güclərin münaqişədən istifadə edərək regiona hakim olmaq istəklərindən tutmuş, Qərbin Moskvada Qarabağla bağlı məxfi görüşünə qədər bir sıra məqamlara da toxunub.

V. Kazimirovun müsahibəsini ixtisarla təqdim edirik:

- Lap əvvəldən Dağlıq Qarabağ münaqişəsinin yaranmamasını təmin etmək olardımı?

- Bunun qarşısını almağın mümkün olduğunu iddia edə bilmərəm, amma onu yumşaltmaq olardı. SSRİ rəhbərliyi, xüsusilə Qorbaçov vəziyyətin ciddiliyini düzgün qiymətləndirmədi. Ermənilər və azərbaycanlılar arasında gərgin münasibətin hələ əvvəldən olduğunu da unutmaq olmaz. Misal üçün, hələ Stalinin dövründə ermənilər Qarabağ məsələsini qaldırırdı.

“Mövcud situasiyada müharibənin qarşısını almaq çətin olacaq”



- 2015-ci ilin dekabrında prezidentlərin Bern görüşündə mövqelər dəyişmədi. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə öz müqəddəratını təyin etmə prinsipini irəli sürür. Necə düşünürsünüz, bundan sonra danışıqlar prosesi hansı ssenari üzrə davam edəcək?

 

- Çətin ki, mənim düşüncələrim Minsk qrupunu üç həmsədrinin fikirləri ilə uyğun gəlsin. Helsinki aktında 10 prinsip var. Ardıcıllıq üzrə ərazi bütövlüyünün bərpası, gücün tətbiq edilməməsi, daha sonra öz müqəddəratını təyin etmə gəlir. Fikrimcə, gücün tətbiq edilməməsi münaqişədə həllini tapmayan əsas məsələdir. İlk növbədə buna nail olmaq lazımdır. Bu gün tərəflər digər iki prinsipi irəli sürür, amma gücün tətbiq edilməməsi prinsipi unudulub. Ümumiyyətlə həmsədrlər münaqişədə bəzi beynəlxalq qətnamələr, qərarlar və razılaşdırılmış prinsiplər haqda daha çox susmağa üstünlük verirlər. Bu da danışıqlar prosesinin davamı haqda təsəvvürləri bulanıqlaşdırır.
 

Faktiki olaraq, münaqişədə gərginlik artıb və həssas regionda müharibənin “dirçəlməsi” prosesi gedir. Halbuki, 1994-cü ildə atəşkəs əldə olunarkən, gücün tətbiq edilməməsi haqda razılıq var idi. Düşünürdülər ki, atəşkəs əldə olundusa, deməli güc tətbiq edilməyəcək və münaqişənin həllində siyasi vasitələr axtarılacaq. Amma zaman göstərdi ki, siyasi vasitələr tükəndikcə, gücün tətbiqi ön plana çıxır və bu müharibə təhlükəsini artırır. Bu gün bir nömrəli məsələ budur. Hesab edirəm ki, mövcud situasiyada müharibənin qarşısını almaq çətin olacaq.

“İlham Əliyev ən azından yeddi rayonu geri qaytarmağa ciddi şəkildə çalışır”

- Əgər münaqişənin həlli konkret sizə həvalə olunsaydı, nə edərdiniz?

- Hər şeydən əvvəl güc tətbiqini aradan qaldırardım. Daha sonra lazım olan diplomatik elastikliyi bərpa edərdim. Əlbəttə, hər iki tərəfin mövqeyində sərtliyi görürəm. Amma güc tətbiqinin qarşısı alınsa, hər şeyi yoluna qoymaq mümkündür. Əslində indi yetişən geosiyasi reallıqda münaqişənin diplomatik yola həll edilmədiyini görən Bakı müharibəni başlamaq üçün məqam gözləyir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ən azından yeddi rayonu geri qaytarmaq üçün ciddi şəkildə çalışır. Əgər qarşıdurmanı dayandıra bilsək, ilkin mərhələdə yeddi rayondan beşini qaytara bilərdik. Daha sonra Qarabağın statusu və digər məsələləri həll edə bilərik. Fikrimcə, münaqişə zonasında güc tətbiqinin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının zəmanətinə ehtiyac var.



“Saat 09:20-də zala daxil oldum və gördüm ki, Minsk qrupunun digər üzvləri gizli iclas keçirir”

- Siz “Dünya Qarabağa” kitabınızda Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün bu münaqişədən yararlanmaq niyyəti haqda danışırsınız.

-  Qərb Rusiyanı Cənubi Qafqazdan bütünlüklə çıxarmaq istəyir. Bu tarix boyu belə olub. Onlar bunun üçün hər şeydən istifadə edirlər. O cümlədən, Qarabağ münaqişəsindən. Ümumiyyətlə,  belə görünür ki, bu münaqişə regionda mövcudluq üçün böyük güclərə lazım olub.

 

Mən kitabımda yazdığım kimi, bir məsələyə toxunmaq istəyirəm. Deməli, Minsk qrupunun Romada apardığı müzakirələr nəticəsiz başa çatdı və mən növbəti danışıqların Moskvada keçirilməsini təklif etdim. 1993-cü ilin 9 sentyabrında biz Moskvada toplaşdıq. Mən ev sahibi olaraq sentyabrın 10-da səhər saat 10:00-da görüşməyi təklif etdim. Etiraz edən olmadı. Səhər ev sahibi olduğum üçün qonaqların qaldığı yerə bir az erkən getməyi qərara aldım. Təxminən saat 09:20-də zala daxil oldum və gördüm ki, Minsk qrupunun Rusiya və Belarusdan başqa digər üzvləri gizli iclas keçirir. Gizli iclasda Rusiyaya necə mane olmağın yolları müzakirə edilirdi. Bu biabırçılıq idi. Mənim gözlənilməz gəlişim həm mənim üçün, həm də onlar üçün böyük şok oldu. Bu baxımdan, Qərb partnyorlarımızın səmimi olmadığını deyirəm. Axı onlar Romada, yaxud digər paytaxtlarda Rusiyasız toplaşıb, müzakirələr apara bilərdilər. Amma bu işi evimizdə, məhz Moskvada edirdilər. Məqsəd Rusiyanı münaqişənin həllindən uzaqlaşdırmaq idi.

“Hesab edirəm ki, münaqişənin alovlanması təhlükəsi mövcuddur”



- Sizcə, Rusiya münaqişə zonasında vəziyyətin stabilləşməsi üçün nəsə edə bilər?

- Mən əminəm ki, Rusiya hərbi hərəkətlərin yenilənməsinə sərt şəkildə qarşı çıxacaq və bu baş verərsə, məsələni BMT Təhlükəsizlik Şurası səviyyəsinə qaldıracaq. Lakin regionda vəziyyət çox həssasdır və geosiyasi maraqlar var. Hesab edirəm ki, münaqişənin alovlanması təhlükəsi mövcuddur.            

- Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi Qarabağ münaqişəsinə necə təsir edə bilər?
 

- Türkiyənin davranışları təhlükəli görünür və Ankara bir neçə dəfə münaqişə ilə bağlı sərt fikirlər səsləndirib.

 

(Publika.az)

Şərhlər

Çox oxunanlar