İlham Əliyev hərbi çağırış barədə sərəncam verdi

07.03.2016 20:00     Siyasi reaksiya     1161

Hərbi səfərbərlik 2016-cı il aprelin 1-dən 30-dək həyata keçiriləcək.

Prezidenti İlham Əliyev Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması ilə bağlı yeni sərəncam imzalayıb.  
 
ANS PRESS-in  məlumatına görə, bu gün verilmiş sərəncam Azərbaycan vətəndaşlarının 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasını nəzərdə tutur.

Sərəncam Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsaslanır  və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə  verilib.

Sərəncam 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Sərəncama görə, bu yaşlarda olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Azərbaycan ordusu
Azərbaycan ordusu

Həmçinin sərəncama görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Daha öncə, Prezident İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixdə imzaladığı sərəncama əsasən, 1997-ci ildə doğulmuş və yaşı 18-ə çatmış gənclər üçün səfərbərlik elan edilmişdi. Müvafiq səfərbərlik və ehtiyata buraxılma tədbirləri 2015-ci il oktyabrın 1-dən 30-dək həyata keçirilmişdi. 

artıq çağırışçılar hansı hərbi hissəyə düşəcəklərini qabaqcadan öyrənə bilirlər. Onlar bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına (http://exidmet.seferberlik.gov.az/Registration/Military) baxmaqla hərbi xidmətə hansı qoşun növündə və hərbi hissədə xidmət edəcəklərini müəyyənləşdirirlər. Bunun üçün yalnız şəxsi məlumatları - ad, soyad, doğum tarixi və qeydiyyatda olduğu rayonu göstərmək kifayətdir.

Sayt Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətə başlayacaq şəxslərə yalnız xidmət edəcəkləri hərbi birləşmənin nömrəsini təqdim edir.

 

Şərhlər

Çox oxunanlar