“XAN Ləkəranın”ın “ŞAH”ı və onun “Şahzadə“ləri - ARAŞDIRMA

07.03.2016 21:41     Siyasi reaksiya     1060

Məşhur ifadədə deyildiyi kimi: "Şah qanun deyil, qanun şahdır”.
 
Amma Lənkəran İcra Hakimiyyətini başçısı Taleh Qaraşov özünü tətbiq etdiyi qaydaları qanunlardan üstün tutur. Bəlkə də, o, elə düşünür ki, dövlət rəhbərliyi ona etimad göstərib bir rayona rəhbər təyin edirsə, deməli, onun dedikləri qanundur. Sanki o, şahdır. Yalnış düşüncədir, amma təəssüf ki, Tale Qaraşov bu yanlışını həqiqət kimi qəbul edir. 
 
Miq.az-a daxil olan məlumatlar icra başçısının Lənkəranı öz xanədanı kimi qəbul edərək şahlıq etdiyini deməyə əsas verir.
 
 
Qaraşov "orta statistik vətəndaş” olmağı özünə sığışdırmır?..
 
Azərbaycanda hər bir icra başçısı aylıq əmək haqqı olaraq min manata qədər pul qazanır və bu məbləğ orta statistik vətəndaş üçün normal hesab oluna bilər. Maraqlıdır, bəs milyonluq villaları, avtomobilləri T.Qaraşov hansı pulla əldə edib? Görünür, Lənkəranın icra başçısı özünü "orta statistik vətəndaş” hesab etmir. "Axı özünü "ŞAH” elan etmiş bir şəxsdən min manata qane olmağı necə tələb etmək olar?”. 
T. Qaraşovun həyat tərzi belə düşünməyə əsas verir.
 
İcra başçısı dövlətin dotasiyalarını Avropada kimlərə yedizdirir?
 
Misal üçün, bir müddət öncə xarici mətbuat Taleh Qaraşovun Çexiyada yüz min dollarla pulu necə xərcləməsindən yazdı. 
 
"Taleh Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib. İcra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli "Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb. Ailənin təkcə otel xərcləri 251 min dollar olub”, - deyə məlumatda deyilirdi. 
 
Qaraşovların Çexiyadakı "istirahətini” hesablamağa başlasaq, bəlkə də, bir milyon dollara yaxın pul edər. Min manat əməkhaqqı alan icra başçısının milyonluq istirahəti... 
 
Dəhşətli detaldır, həm də ona görə dəhşətlidir ki, dövlət başçısının etimad göstərdiyi Taleh Qaraşov dövlət büdcəsindən ayrılan "dotasiyaları” öz şəxsi malı kimi xarici ölkələrdə sağa-sola xərcləyir. 
 
Bu günlərdə Prezident İlham Əliyev respublikada bir neçə rayon istisna olmaqla, digər bütün rayonların büdcədən dotasiya aldıqlarını tənqid etmişdi. Və çox maraqlıdır ki, bu dotasiyalar hara və necə xərclənir?
Taleh Qaraşovun timsalında açıq qalan sualların birinə cavab tapmaq olar: milyonluq istirahətə, özü də Azərbaycanın gözəl güşələrinin birində deyil, məhz Avropada. 
 
Dövlət büdcəsinin pullarını Avropada xərcləyən Taleh Qaraşovun "şahlığı” haqda məlumatlar bununla yekunlaşmır. 
 
"ŞAH” və "şahzadələr”: Qaraşovların "karusel mexanizmi”
 
 
Miq.az-ın araşdırmalarına görə, faktiki olaraq, Lənkəran rayonunu Taleh Qaraşov yox, onun övladları idarə edir və onlar özlərini rayonda "şahzadə” kimi aparırlar.
 
Seymur Qaraşov: Taleh Qaraşovun bu oğlu "Hacı” ləqəbi ilə məşhurdur. Rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə o nəzarət edir. Taleh Qaraşovun qurduğu mexanizma dövlət büdcəsindən ayrılan dotasiyaların hara xərcləndiyinə dair sualların daha birinə cavab verir. Qaraşovların mexanizmi belədir: Seymur Qaraşovun himayədarlığı ilə rayonda şirkət yaradılıb və rayonda görülən işlərlə bağlı elan edilən tenderləri məhz bu şirkət "udur”. Beləliklə, dövlət büdcəsindən ayrılan pullar başqasının əlinə keçmədən, karusel əməliyyatı kimi yenidən Qaraşovların cibinə qayıdır.
 
Qaraşovların cibi rayonun faktiki rəhbəri – "şahzadəsi” olan Seymurun icra başçısının müavinləri (faktiki olaraq öz köməkçiləri) ilə birlikdə rayon mərkəzində inşa olunan yeni bazarda mağazaları satmaqla dolur. Rayon sakinləri onu səhər "Lexus”, günün ikinci yarısı isə "Porse” markalı avtomobildə görməyə adət edib.
 
Mətbuatda Qaraşovlar haqda yazılanlarda fraqment: "Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyətçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var. Dövlət vəzifələrinin pulla satışı təcrübəsini Lənkəranda geniş yayıldığı bildirilir ki, bu siyahıda da ilk yeri kənd icra nümayəndəlikləri tutur. Kəndin əhalisinin sayı və sosial vəziyyətindən, torpaq sahəsindən asılı olaraq bu vəzifəyə təyinat 10 min manatdan başlayır”.
 
Beləliklə, Qaraşovların Çexiyada milyonluq istirahəti, "Porse”ləri, "Lexus”ları, villaları və daha nələrinin necə əldə edildiyi aydın olur. 
 
Taleh Qaraşovun ikinci "şahzadəsi” isə digər oğlu Vüsal Qaraşovdur: O, Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşıdır. Lakin atası icra başçısı olan "ikinci şahzadə” polis maaşına qane olarmı? Əlbəttə, yox. Faktlar da belə deyir...
 
Lənkəranda xanədan quran Qaraşovlar caynaqlarını digər rayonlara da uzatmaqdan çəkinmir. Belə ki, Vüsal Qaraşovun Beyləqan rayonunda yeni tikilən bazarı 600 min manata alan iş adamı İlham Qasmovun ortağı olduğuna dair informasiyalar yayılıb. Və Qaraşovlar bu ortaqlıq üçün nə az, nə çox, düz 300 min manatlarından keçməli olublar. Amma hər şey bununla da bitmir. 
 
Məlumatlara görə, İlham Qasımovla icra başçısının polis oğlu Türkiyədə şərikli biznesə sahibdirlər. Həmçinin, ortaqlar paytaxtın Nəsimi rayonunda hündürmərtəbəli bina tikintisini də həyayata keçirirlər. Belə görünür ki, Qaraşovlar dövlət büdcəsindən mənimsədikləri pulları ortaqlarının üzərindən "yuyub”,  şəxsi vəsaitə çevirirlər. Bu, "büdcədən verilən dotasiyalar hara xərclənir” sualının daha bir cavabıdır. Daha konkret desək, Taleh, Seymur və Vüsal Qaraşovlar "üçlüyü” dövlət büdcəsininin pullarını "Lənkəran üçbucağında” belə yoxa çıxarır.
Halbuki Prezident İlham Əliyev çıxışlarında dəfələrlə məmurlara "xalqa xidmət edin” deyə səslənib. Hətta dövlət başçısı, "prezident xalqın xidmətçisidir, məmur da xalqın xidmətçisi olmalıdır” deyə bildirib. 
Görünür, Qaraşovlar "xidmətçi” yox, "ŞAH” olmaq istəyir və özlərini onlara etimad göstərən dövlət rəhbərindən daha üstün tuturlar.
 
Araşdırmalarımıza görə Lənkəran sakinləri Taleh Qaraşov haqqında tez-tez bu ifadəni səsləndirirlər: "Xan Lənkəran”ın şahı... Maraqlıdır, Azərbaycanın gözəl guşələrindən və böyük şəhərlərindən biri olan Lənkəran XXI əsrdə "xanlıqlar dövrü”nə qayıdır. Amma şübhə etmirik ki, ölkəni feodal qaydalarla idarə edən məmurlar ölkə başçısının dediyi kimi cəzasız qalmayacaqlar. Bunu da unutmayaq ki, tarix hər kəsə layiq olduğu qiyməti verir...
 
bitmap-img6

Şərhlər

Çox oxunanlar